...

Türk dili Azərbaycan dilinə mənfi təsir göstərir – Milli Məclis sədrinin müavini

Siyasət Materials 18 Dekabr 2007 18:10 (UTC +04:00)
Türk dili Azərbaycan dilinə mənfi təsir göstərir – Milli Məclis sədrinin müavini

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin rəhbərliyi Milli Teleradio Şurasının ölkə televiziyalarında türk dilində gedən verilişlərin məhdudlaşdırılması ilə bağlı qərarını dəstəkləyir. "Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Ona görə də, televiziyalar verilişləri dublyaj edib, efirə Azərbaycan dilində verməlidirlər", - deyə Milli Məclisin çərşənbə axşamı keçirilən iclaında spiker Oqtay Əsədov deputat Aynur Camalqızının fikirlərinə münasibət bildirərkən deyib.

Deputat Camalqızı qeyd edib ki, Milli Teleradio Şurasının Azərbaycan televiziyalarında Türkiyə türkçəsində verilişlərin qadağan olunması təklifinin məntiqi əsası yoxdur: "Azərbaycan və Türkiyə dilləri arasında heç bir fərq yoxdur. Ona görə də, türk dilində olan verilişləri Azərbaycan dilinə tərcümə olunması əhəmiyətsiz məsələdir və lazımsız yerə külli miqdarda vəsaitin xərclənməsi deməkdir". Camalqızı hesab edir ki, türk dili Azərbaycan dilinə heç bir mənfi təsir göstərmir: "Ona görə də, Milli Məclis bunun qarşısını almalıdır. Azərbaycan dilini qorumaq istəyiriksə, onu başqa dillərdən qorumalıyıq".

Buna cavab olaraq, spiker Oqtay Əsədov qeyd edib ki, MTRŞ-nın türk dilində verilişlərin qadağan olunması ilə bağlı deyil, Azərbaycan dilində verilməsi haqqında qərarı var: "Tövsiyə olunub ki, televiziyalardakı verilişlər Azərbaycan dilində verilsin. Televiziyalar isə, türk dilində olan verilişləri götürüb, dublyaj etmədən efirə verirlər. Bizim öz dilimiz var və verilişlər öz dilimizdə getməlidir".

Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, Azərbaycan dili türk dilinin mənfi təsirinə məruz qalır: "Türk dilinin ən müxtəlif qolları və ləhcələri var. Amma bizdən başqa heç bir türkdilli ölkə öz dilini türk dili ilə eyniləşdirmir. Hər kəs öz dilində danışmalıdır". Muradova qeyd edib ki, azərbaycanlılar öz dillərinə hörmət etməlidirlər: "Türkiyə ilə nə qədər yaxın və qardaş münasibətlərdə olsaq da, öz dilimizi qorumalıyıq. Ona görə də, MTRŞ-nin qərarını müsbət qiymətləndirirəm və dəstəkləyirəm".

Deputat Baba Tağıyev də MTRŞ-nın qərarını dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti