...

Müsavat deputat qrupunun üzvü ilə Müsavat Partiyası arasında fikir ayrılığı yaranıb

Siyasət Materials 16 Yanvar 2008 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseynlə Müsavat Partiyası arasında fikir ayrılığı yaranıb. "Mənimlə Müsavat Partiyası arasında mövcud olan fikir ayrılığı ideoloji məsələlərlə bağlıdır və ciddi xarakter daşıyır" - deyə çərşənbə günü Trend ə açıqlamasında Müsavat deputat qrupunun və Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Hüseyn bildirib.

Müxalifəti təmsil edən Müsavat deputat qrupunun beş üzvü var. Hüseyn Müsavat Partiyasının üzvü deyil. Lakin Parlamentdə Müsavat deputat qrupunun tərkibində fəaliyyət göstərir.

"Mən son zamanlar müsəlman-demokratik ideologiyanın tərəfdarıyam və bu ideologiyanı təbliğ edirəm, onun həyata keçirilməsi uğrunda mübarizə aparıram. Hesab edirəm ki, cəmiyyətdə demokratik prinsiplərlə milli-dini dəyərlərin sintezinə nail olmaq lazımdır. Azərbaycanın və demokratiyanın gələcəyini bunda görürəm. Müsavat Partiyası isə liberal-demokratik ideologiya həyata keçirir. Ona görə də Müsavat Partiyası ilə mənim aramda fikir ayrılığı yaranıb" - deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, yaranmış fikir ayrılığı prinsipial xarakter daşıyır. Hüseyn bildirib ki, buna baxmayaraq, Müsavat deputat qrupunu tərk etməyi planlaşdırmır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya dörd nəfər deputatla Parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti