Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir S.İlhamqızı/Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008 -2009-cu illərdə aparılması nəzərdə tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycanda arxeoloji ekspedisiyaların fəaliyyətini genişləndirmək və səmərəliliyini artırmaq məqsədi daşıyır.
Sərəncama görə, 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan AMEA-ya bir milyon manat məbləğində vəsait ayrılacaq.
AMEA-nın Rəyasət Heyəti ayrılmış vəsaitin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etməlidir.
Prezident İlham Əliyev çərşənbə axşamıAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında da sərəncam imzalayıb.
Bu sərəncama əsasən, Tarixi Muzeyində mühafizə olunan mövcud eksponatların restavrasiyası və yenilərinin alınması üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Milli Elmlər Akademiyasına bir milyon manat məbləğində vəsait ayrılacaq.