...

Azərbaycanın hərbi hissələrində şərəf və ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi halları mövcuddur-Ombudsman

Siyasət Materials 4 Mart 2008 15:37 (UTC +04:00)
Azərbaycanın hərbi hissələrində şərəf və ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi halları mövcuddur-Ombudsman

Azərbaycan, Bakı, 04 mart /"Trend müxbir İ.Əlizadə/ İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsman) ünvanına hərbi qulluqçulardan daxil olmuş şikayətlərin təhlili göstərir ki, bəzi hərbi hissələrdə Nizamnamədənkənar münasibətlər hələ də qalır. Bu barədə Ombudsman Elmira Süleymanova çərşənbə axşamı Milli Məclisdə 2007-ci ilin yekunları ilə bağlı hesabat verərkən bildirib.

Ombudsman hesab edir ki, bu, ordunun nüfuzuna xələl gətirməklə yanaşı, çağırış yaşlı gənclərin inamının qırılmasına şərait yaradır.

Süleymanovanın sözlərinə görə, ötən il müvəkkilə daxil olan müraciətlər, əsasən, hərbçilərə güzəştlərin verilməsi, mənzil hüququnun təmin edilməsi, hərbi xidmətin keçilməsi prosesində yol verilən qanun pozuntuları və müxtəlif çatışmazlıqlar, pul təminatının reallığa uyğun olmaması, daxili intizam qaydalarının pozulması nəticəsində, Nizamnamədənkənar hallara yol verilməsi ilə bağlıdır.

Ombudsman qeyd edib ki, Müdafiə Nazirliyinin ehtiyatda olan hərbi qulluqçularına əşya əmlakı üzrə pul kompensasiyası ödənilməsi məsələsi hələ də öz həllini tapmayıb. Müvəkkil tərəfindən sözügedən məsələ ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət edilib: "Nizamnamədənkənar münasibətlər, zorakılıq və hərbi intizamın pozulması hallarının qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməlidir".

Ombudsman bildirib ki, əsgərlər arasında döyüş əməliyyatları ilə bağlı olmayan yaralanma və ölüm hallarının baş verməsi onu narahat edir.

"Hüquqi və tərbiyyəvi işin təşkilindəki çatışmazlıqlar, intizama əməl edilməsində cavabdehlik daşıyan şəxslərə qarşı tələbkarlığın zəruri səviyyədə olmaması Nizamnamədənkənar münasibətlərə şərait yaradır", - deyə Süleymanova əlavə edib.

Onun sözlərinə görə, şikayətlər müqavilə ilə gizir kimi xidmət edən şəxslərin hərbi xidmətdən tərxis olunmasına yaradılan problemlərlər də çoxdur.

Ombudsman orduda zabitlərin əsgərlərdən pul tələb etməsi faktının mövcud olduğunu da qeyd edib: "Buna etiraz etdikdə isə, həmin şəxslərə qarşı qeyri-qanuni, o cümlədən şərəf və ləyaqəti alçaldan hərəkətlərə yol verilməsi halları mövcuddur. Bu hərəkətlər orduda komandirlər tərəfindən əsası qoyulan korrupsiya hallarının yayılmasına rəvac verir".

Müvəkkil ruhi pozuntuları olan, narkomanlıqdan əziyyət çəkən, vərəm və QİÇS xəstəliyinə düçar olan vətəndaşların hərbi xidmətə əsaslandırılmamış çağırışının qarşısının alınmasına, belə xəstəliklərdən əziyyət çəkən hərbi qulluqçulara tibbi yardım göstərilməsinə yönəldilmiş qanun layihəsinin qəbulunu vacib sayıb.

Xəbər lenti

Xəbər lenti