...

Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində iştirakdan imtina edib

Siyasət Materials 2 Avqust 2008 15:34 (UTC +04:00)
Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyası prezident seçkisində iştirakdan imtina edib

Azərbaycan, Bakı, 2 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin şənbə günü keçirilən iclasında partiyanın prezident seçkisində iştirak etməməsi barədə qərar qəbul olunub. Bu barədə şənbə günü Trend -a partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli məlumat verib.

"Seçkidə iştirak etmək üçün demokratik şərait yaradılmayıb. Ali Məclisin iclasında əksəriyyət seçkidə iştirak etməməyin tərəfdarı olub", deyə o bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Trend -un arayışı: Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı 2006-cı ilin mart ayında keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Keçən ilin dekabrında partiyanın Ali Məclisi prezident seçkisində iştirak etmək barədə qərar qəbul etmişdi.

İndiyə qədər Azərbaycan prezidenti vəzifəsinə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycanın Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi irəli sürülüb. Azərbaycan Demokrat Partiyası prezident seçkisində hər hansı bir formada iştirak etməmək barədə qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti