Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir Y.Ostapenko/ ATƏT, BMT və Aİ-nin həmsədr olduqları Cenevrə danışıqları konstruktiv keçib və irəliyə addım ifadə edir. Bu barədə ATƏT-in press-relizində məlumat verilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyk Talvitie bildirib ki, müzakirlər yaxşı keçib və irəliyə addım ifadə edir.
Noyabrın 19-da Cenevrədə keçirilən danışıqların əsas mövzusu Gürcüstandakı münaqişələrin müzakirəsindən ibarət olub.
Dekabrın 17 -18 - də keçiriləcək növbəti iclaslarda konkret təkliflər müzakirə olunacaq.
Press - relizdə bildirilir ki, həmsədrlər indi stabillik və təhlükəsizliyin artırılması üçün bütün tərəflərlə müntəzəm görüşlər keçirəcək. "Biz yerlərdə fəaliyyət göstərməsək, Cenevrədə irəliyə addım ata bilmərik", - deyə Talvitie bildrib. O, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri tərəfindən imzalanan Bəyannamədən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan nikbinliyi də qeyd edib.
Noyabrın 2 - də Moskvada şəhərətrafı "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyev arasında keçirilən görüşün yekunu üzrə Bəyannamə imzalanıb. Rusiya, Ermənistan və Azərbaycanın liderləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəlib, xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işləri davam etdirməyi tapşırıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]