...

Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi parlamentdə müzakirə oluna bilər - komissiya sədri

Siyasət Materials 1 Dekabr 2008 13:46 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi parlamentdə müzakirə oluna bilər - komissiya sədri

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı Konstitusiyada dəyişiklik edilməsi parlamentdə müzakirə oluna bilər.

"Təklif olsa, Konstitusiyada dəyişiklik edilməsi məsələsi parlamentdə müzakirə olunacaq", - bazar ertəsi Trend -a parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq ölkə prezidenti seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması üçün referendum keçirilməsini təklif edir.

"Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır", - ötən cümə axşamı Trend - a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib. YAP rəsmisi hesab edir ki, Konstitusiyada belə bir limit ola bilməz. "Konstitusiya bir şəxsə, necə dəfə istəsə, deputat seçilməyə icazə verir. Lakin prezident seçilməyə limit tətbiq olunub. Hesab edirik ki, Konstitusiyada belə bir məhdudiyyət tətbiq etmək olmaz. Ona görə də, Konstitusiyada dəyişikliyə ehtiyac var və biz belə bir təşəbbüslə çıxış edəcəyik", - deyə Novruzov əlavə edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Trend -a açıqlamasında bu məsələnin referenduma çıxarılmasını istisna etməyib.

Hüseynov qeyd edib ki, Konstitusiya xalq tərəfindən qəbul olunur və xalqın iradəsini əks etdirir.

"Əgər xalq belə bir dəyişikliyi istəsə, biz birmənalı şəkildə bunu həyata keçirəcəyik və Konstitusiyada xalqın iradəsini əks etdirəcəyik", - komissiya sədri vurğulayıb.

Hüseynov deyib ki, 2002-ci ildə xalq Konstitusiyada dəyişiklik edilməsini istəyirdi və bu istək referendüm yolu ilə həyata keçirilib: "Peşəkar hüquqşünas kimi mənim fikrimi bilmək istəyirsinizsə, peşəkar o şəxslərdir ki və peşəkarların əsas vəzifəs odur ki, ictimai fikri və xalqın iradəsini qanuniləşdirsin. O baxımdan biz xalqın iradəsini həyata keçirəcəyik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti