İranda hər il 7 min sentrifuq 280 ton UF6 uran qazı və 11 ton uran oksidi istehsal edilir. Bu barədə İran Nüvə Şurasının sədri Qulamrza Ağa-zadə İranın IRINN telekanalına cümə axşamı deyib.
Ağa-zadə İsfahanda Milli nüvə texhnologiyaları günündə deyib ki, İran uranın zənginləşdirilməsi üçün yeni növ sentrifuqlar istehsal edir. Yeni sentrifuqlar 5-6 dəfə əvvəlkilərdən güclüdür.
"Sentrifuqlar İsfahanın UCF zavodunda fəaliyyət göstərir və beş il ərzində çalışacağıq ki, onların gücünü 1000 ton uran istehsal etmək qabiliyyətinə qaldıraq", - Ağa-zadə deyib.
İran Nüvə Şurasının sədri əlavə edib ki, İran uran hasilatında yeni mərhələyə qədəm qoyub. "Yəzd şəhərinin Səqənd yatağında uran hasilatı üçün beş illik plan hazırlanıb", - Ağa-zadə qeyd edib.
Bu gün İranda dördüncü dəfə Milli nüvə texnologiyaları bayramı keçirilir. İranın ISNA agentliyinin məlumatına əsasən, İran Prezidenti Mahmud Əhmədinejad İsfahan şəhəri yaxılığında yerləşən Nətənz nüvə stansiyasına baxış keçirib. Əhmədinejad stansiyada yeni sentrifuqların quraşdırılması prosesi ilə tanış olub. İran Prezidenti, həmçinin uran yanacağı həbləri və uran yanacağı istehsal edən zavodun (Fuel Manufacturing Plant (FMP)) açılışında iştirak edib. Yeni stansiya Ərak şəhərində 40 meqavat gücündə enerji ilə işləyən stansiyanın yanacağını təmin edəcək. Həmin zavod gələcəkdə Buşəhr elektrik stansiyası və Darxoin şəhərində 360 meqavat gücündə enerji ilə işləyən stansiyanı yanacaqla təmin edəcək.
Bu gün Nətənz stansiyasında Yeni nəsil İR-4 sentrifuqları təqdim edilib və Əhmədinejad onların sınağında iştirak edib.
İranda 6 min sentrifq quraşdırılsa da MAQATE-nin (Nüvə enerjisi üzrə Beynəlxalq Agentlik) məruzəsində qeyd olunur ki, onların heç də hamısı işləmir.