...

Rusiyada təhsil alan azərbaycanlı tələbələr Bakıda təhsil ocağında baş vermiş faciə ilə bağlı başsağlığı veriblər

Siyasət Materials 1 May 2009 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir C.Babayeva /

Rusiyanın aparıcı təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr Bakı şəhərində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı faciə ilə əlaqədar başsağlığı veriblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüş zamanı tələbələr hadisə ilə bağlı dərin sarsıntı keçirdiklərini və həmyaşıdlarının həlak olmasından kədərləndiklərini qeyd ediblər. Onlar Rusiyada təhsil alan azərbaycanlı tələbələr adından Azərbaycan xalqına, həlak olanların ailələri və yaxınlarına dərin başsağlığı veriblər. Tələbələr Azərbaycan səfirliyinin binası qarşısında faciə zamanı həlak olanların xatirəsinə gül düzüblər. Bu barədə səfirliyin cümə günü yaydığı məlumatda deyilir.   

Aprelin 30-da səhər saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. Atəş nəticəsində 12 nəfər ölüb.

Cinayət 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu tərəfindən törədilib.

Qədirovun üzərindən içində 71 güllə və iki tapança darağı olan hərəsi 40 güllə tutan üç xüsusi hazırlanmış patrondaş aşkarlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Səfir Bülbüloğlu deyib ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciə uzun müddət xalqın yaddaşından silinməyəcək.

"Bu hadisə ictimaiyyət üçün daha bir xəbərdarlıqdır və Azərbaycanın beynəlxalq nüfuzuna, sabitliyinə xələl gətirmək istəyən qüvvələrə qarşı birləşməliyik", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti