Azərbaycan, Bakı, 04 avqust / Trend , muxbir C.Babayeva /
Azərbaycanın müxalifyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri hesab edir ki, Dağlıq Qarabağ məsələsində ölkənin ictimai-siyasi təşkilatları vahid mövqedə olmalıdırlar.
"Dağlıq Qarabağ problemi kimi ciddi məsələdə ölkənin siyasi partiyaları və qeyri-hökumət təşkilatları bir araya gəlməlidirlər. Bir araya gəlməyən ictimai-siyasi təşkilatlar siyasi səhnədən getməlidirlər", - Trend -un məlumatına görə, çərşənbə axşamı keçirilən "Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri" mövzusunda elmi-nəzəri konfransda VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Millət vəkilinin sözlərinə görə, ölkədə Dağlıq Qarabağla bağlı keçirilən forum və konfransların şəbəkəsi genişlənməlidir. "Ölkənin siyasi partiya və QHT-ləri belə tədbirlərdə bir araya gəlib, ortaq mövqe formalaşdırmalıdırlar. Ayrı-ayrı siyasi partiya və təşkilatların Dağlıq Qarabağla bağlı keçirdikləri tədbirlərə qisqanclıqla yanaşmaq olmaz. Bu cür tədbirlərə dəstək verilməlidir", - Rüstəmxanlı deyib.
VHP sədri bildirib ki, Azərbaycanın siyasi partiyalarında Madrid prinsiplərinə münasibətdə fərqli fikirləri var. ""Dağlıq Qarabağ məsələsi heç bir siyasi partiyanın inhisarında deyil. Hər bir partiya bu məsələ ilə bağlı gücünü və mövqeyini ortaya qoymalıdır", - o deyib.
Məqalə müllifi ilə əlaqə ünvanı: [email protected]