Özbəkistan, Daşkənd, 30 oktyabr / Trend , müxbir D.Əzizov/
Özbəkistan Qadın Komitəsi və BMT-nin İnkişaf Proqramı Nukus şəhərində həkimlər üçün "Qadınların hüquq pozuntuları hallarından, zorakılıq və erkən nikahdan müdafiəsinin hüquqi zəmanəti" mövzusunda təlim keçirib. Təlimin əsas məqsədi qadınlara qarşı, həmçinin ailələrdə baş verən zorakılıqların müəyyən edilməsidir.
Təlim BMT-nin İnkişaf Proqramının "Özbəkistanda qadınların imkanlarının genişləndirilməsi üçün hüquqi və institusional potensialın inkişafı" layihəsi çərçivəsində keçirilib.
Təlim proqramına qadın və kişi hüquqlarının qeyri-bərabərliyi məsələləri üzrə nəzəri və təcrübi məşğələlər, ailədaxili zorakılıqların, ənənəvi həyat tərzinin neqativ tərəflərini (erkən, məcburi nikah) müəyyənləşdirmək, beynəlxalq sənədlərin yerinə yetirilməsi və qadın hüquqlarının müdafiəsi üzrə qanunvericilik aktlarının həyata keçirilməsi daxil edilib.
BMT-nin İnkişaf Proqramının "Özbəkistanda qadınların imkanlarının genişləndirilməsi üçün hüquqi və institusional potensialın inkişafı" layihəsi Özbəkistan Qadın Komitəsi ilə birgə həyata keçirilib və hökumətə 2006-ci ilin avqust ayında CEDAW Komitəsinin tövsiyələrində qeyd edilən gender məsələlərindəki nöqsanların aradan qaldırılmasına dəstək göstərilməsinə yönəldilib.
CEDAW konvensiyası 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunub və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənəddir. Özbəkistan Mərkəzi Asiya ölkələri arasında birincilərdən olaraq Konvensiyanı 1995-ci ildə təsdiq edib və CEDAW Komitəsinə nizamnamənin yerinə yetirilməsinə dair vaxtaşırı dörd hesabat verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]