...

Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmaması ilə bağlı şikayət edəcək

Siyasət Materials 23 Noyabr 2009 13:58 (UTC +04:00)
"Bələdiyyələrə 1020 namizədimizdən yalnız 300-ə qədər üzvümüz qeydə alınıb", - bazar ertəsi Trend News-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Seçki Qərargahının rəhbəri Zöhrab Abdullayev bildirib.
Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmaması ilə bağlı şikayət edəcək

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmaması ilə bağlı şikayət edəcək.

"Bələdiyyələrə 1020 namizədimizdən yalnız 300-ə qədər üzvümüz qeydə alınıb", - bazar ertəsi Trend -a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Seçki Qərargahının rəhbəri Zöhrab Abdullayev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Abdullayevin sözlərinə görə, namizədliyi qeydə alınmayan partiya üzvlərinin yazılı şikayəti bu gün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. "Yerli icra hakimiyyətləri hətta qeydə alınan partiya üzvlərinə təzyiq göstərərək namizədliklərini geri götürməyə məcbur ediblər", - partiya rəsmisi əlavə edib.

Seçki Qərargahının rəhbəri deyib ki, Samux rayonunda 13 nəfərdən birinin, Sabirabadda 20 nəfərdən ikisinin, Mingəçevir şəhərində 15 nəfərdən ikisinin, Sumqayıtda isə bir nəfərin namizədliyi qeydə alınmayıb. "Ümumiyyətlə, bələdiyyə üzvlüyünə namizədlərimizin əksəriyyəti demək olar ki, ölkənin hər yerində müxtəlif təzyiqlərlə üzləşib", - Abdullayev vurğulayıb.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq, özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "Birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti