Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir M.Əliyev/
"Ötən il ərzində penitensionar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 3 mindən artıq qadağan edilmiş əşya, o cümlədən 747 kəsici-deşici alət, 140 litr spirtli içkilər, 89 mobil telefon aşkar edilərək götürülüb", - bu barədə Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensionar müəssisəsinin mətbuat xidmətindən Trend -a məlumat verilib.
Bundan əlavə, il ərzində islah müəssisələrindən 207 qram müxtəlif narkotik vasitə, o cümlədən 153 qram heroin aşkar edilib.
Dekabr ayı ərzində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 7 fakt aşkar edilib. Bütün bu faktlarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Həmçinin daxil olmuş əməliyyat məlumatlarına əsasən dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində baxış tədbirləri keçirilərkən məhkumlar Eynulla Fətullayevdən 0,223 qram, Şahin Şəmsiyevdən isə 0,081 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Fakt qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş materiallar Qaradağ rayon polis idarəsinə göndərilib.
Hazırda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cəzaçəkmə müəssisələrində 4845 məhkum saxlanılır. Onlardan 2797 nəfəri narkotik asılılığından məcburi müalicəyə göndərilib.