...

Azərbaycan Jirinovskinin bəyanatına böyük əhəmiyyət verməməlidir - RF Federasiya Şurası sədrinin müşaviri

Siyasət Materials 22 Yanvar 2010 18:56 (UTC +04:00)
RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis Vladimir Jirinovskinin bəyanatını "Rusiyanın rəsmi mövqeyinə uyğun olmayan və düşüncəsiz" adlandırıb.
Azərbaycan Jirinovskinin bəyanatına böyük əhəmiyyət verməməlidir - RF Federasiya Şurası sədrinin müşaviri

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Ü.Sadıxova/

RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis Vladimir Jirinovskinin bəyanatını "Rusiyanın rəsmi mövqeyinə uyğun olmayan və düşüncəsiz" adlandırıb.

"Bu tamamilə düşüncəsiz bəyanatdır və nə Rusiyanın rəsmi mövqeyinə, nə də siyasətin tələb etdiyi sağlam düşüncəyə cavab vermir", - RF Federasiya Şurası sədrinin müşaviri Gennadi Burbulis Vladimir Jirinovskinin Dağlıq Qarabağın müstəqilliyinin Rusiya tərəfindən tanınmasının vacibliyi barədə fikrinə şərh verərkən Trend -a deyib.

"Jirinovskinin bəyanatına şərh vermək çox çətindir", - Burbulis deyib.

"İstəməzdim ki, Azərbaycanda bu bəyanata böyük əhəmiyyət verilsin", - o deyib.

Jirinovski Latviyanın "Neatkarigas Rita Avize" qəzetinə müsahibəsində bildirib ki, "əgər Dağlıq Qarabağ öz müstəqilliyini elan etsə, bu zaman Rusiya onu tanımalıdır".

Bununla əlaqədar olaraq Azərbaycanın Rusiyadakı səfirliyi RF XİN-ə nota göndərib.

"Səfirlik Rusiya strukturlarından rəsmi cavab gözləyir", - çərşənbə axşamı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Trend -a deyib.

Notada Rusiya Parlamenti vitse-spikerinin bu cür müraciətlərinə etiraz ifadə olunur və RF Dövlət Duması nümayəndələrinin bu cür ifadələrinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun gəlmədiyi göstərilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti