...

Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilib - Prezident İlham Əliyev

Siyasət Materials 12 Fevral 2010 23:30 (UTC +04:00)
Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir, bunu Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.
Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilib - Prezident İlham Əliyev

Azərbaycanda idman sahəsində görülən işlər yüksək səviyyədədir. Azərbaycan idman ölkəsi kimi artıq öz adını idman tarixinə sala bilibdir, bunu Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaşda Olimpiya-İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı deyib.

"Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında idmançılarımızın uğurları bizi sevindirir. İdmanın kütləviliyini təmin etmək üçün mütləq belə gözəl imkanlar olmalıdır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində idmanla məşğul olmaq üçün yaxşı şərait vardır. İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdman, eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox mühüm vasitədir, mühüm amildir. Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, peşəkar, bilikli, savadlı olsunlar, Vətən sevgisi ilə böyüsünlər. Bunu etmək üçün bütün tədbirlər görülür. Bax, bu gözəl Olimpiya mərkəzi, ondan sonra Ağdaşda bir müddət bundan əvvəl istifadəyə verilmiş musiqi məktəbinin fəaliyyəti ilə bu gün tanış oldum. Orada gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə olunacaqlar, milli musiqi mədəniyyətimizi dərindən öyrənəcəklər, ölməz musiqi əsərlərimizi yaşadacaqlar" prezident bildirib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Prezident deyib ki, Ağdaşda gözəl, yeni, müasir Olimpiya Kompleksinin açılışı böyük hadisədir.

"Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, cavanlar, gənclər, idmançılar bu gözəl şəraitdən səmərəli istifadə etsinlər və Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar. Haradasa beş il əvvəl təməl daşını bərabər qoyduğumuz bu gözəl Olimpiya mərkəzi yaradılıb. Düzdür, bir az çox vaxt çəkdi. Çünki burada texniki məsələlər bir qədər çətin idi. Ona görə də xüsusi tədbirlər görüldü. Xüsusi texniki məsələlər öz həllini tapmalı idi. Mən xatırlayıram, beş il bundan əvvəl Ağdaşda olarkən mənə müraciət edildi ki, Ağdaşda yeni Olimpiya Kompleksinin tikintisinə böyük ehtiyac vardır. Xüsusilə nəzərə alsaq ki, Ağdaş Azərbaycanın idman şöhrətinin ucaldılması üçün gözəl idmançılar yetişdirir. Xüsusilə Xəzər İsayev kimi dünya çempionu. Bu gün o, Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi çox gözəl işlər görür. O vaxt qərara gəldik ki, mütləq Ağdaşda belə gözəl Olimpiya mərkəzi yaradılsın, təkcə idmançılar üçün deyil, eyni zamanda, rayon sakinləri üçün də yararlı olsun. Bu gün gözəl mərkəzin açılışında biz yenidən görüşürük. Mən bu hadisə münasibətilə sizi təbrik edirəm" dövlət başçısı çıxışında bildirib.

İlham Əliyevin sözlərinə görə, Ağdaşın hərtərəfli inkişafı üçün başqa tədbirlər də görülür.

"Bu gün Ağdaşın su təchizatını təmin etmək üçün birinci mərhələnin açılışını qeyd etdik. Ağdaşa artıq təmiz içməli suyun verilməsi təşkil ediləcəkdir. İkinci mərhələnin başa çatması nəticəsində su-kanalizasiya sistemi tamamilə yenidən qurulacaqdır. Bu da hər bir insan üçün çox vacib məsələdir. Bu gün, eyni zamanda, Ağdaşda tikiləcək yeni müasir, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da rayonun tələbatını təmin etmək üçün çox vacib məsələdir. Yeni yarımstansiya istifadəyə veriləcəkdir. Yəni ki, bax bu gün rayonda nəzərdə tutulmuş tədbirlər əslində bütün sahələri əhatə edir - təhsil, idman, səhiyyə, su və elektrik enerjisi təchizatı. Bax, Azərbaycan bu cür inkişaf edir. Növbəti illərdə bizim bütün planlarımız, gələcək planlarımız da icra olunacaqdır. Çünki bunu deməyə əsas odur ki, bu günə qədər bütün görülən işlər planlı şəkildə aparılır, proqram üzrə aparılır. Regionların sosial-iqtisadi inkişafı proqramı 2004-2008-ci illərdə tam başa çatıb. Biz yeni proqramın icrası üzərində işləyirik. Regionların gələcək inkişafının təminatı - həm maliyyə, həm texniki təminatı tam təşkil edilibdir. İnfrastruktur layihələri, sosial obyektlər, məktəblər, xəstəxanalar. Hər bir bölgə üçün xüsusi, konkret plan vardır və biz bu plan əsasında irəliyə gedirik" dövlət başçısı vurğulayıb.

Prezident deyib ki, son illər ərzində Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olubdur.

"Hətta 2009-cu ildə, baxmayaraq ki, böhran bizə də təsir edib, yenə də Azərbaycan dünya miqyasında birinci ölkə olubdur. Dünya miqyasında birinci olmaq çox çətin məsələdir. İqtisadi inkişaf sahəsində dünya miqyasında birinci olmaq, əlbəttə ki, asan məsələ deyildir. Bunun səbəbi bizim apardığımız siyasətdir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Əgər bu olmasaydı, əgər biz ancaq iqtisadiyyatımızın bir sektoruna üstünlük verib başqa sahələri kənarda qoysaydıq, bu gün inkişafdan söhbət gedə bilməzdi. Bax bu reallıqları bizim üçün məhz hərtərəfli inkişaf, regionların inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məsələləri yaradır. Mənə bu yaxınlarda verilən məlumata görə, hətta 2010-cu ildə də Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə artır və bu da bizi əlbəttə ki, sevindirir. Biz bu inkişafı nəinki statistik göstəricilərdə, gündəlik həyatda görürük.

Görülən işlər bunun bariz nümunəsidir. Mən çox şadam ki, Ağdaşda işlər yaxşı gedir, gözəl obyektlər istifadəyə verilir. Əminəm ki, növbəti illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci mərhələsinin icrası nəticəsində əsas məsələlər, sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. Bu proqramın 2013-cü ildə başa çatması nəzərdə tutulur. Əminəm ki, o vaxta qədər bütün əsas məsələlər öz həllini tapacaqdır" İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti