Azərbaycan, Bakı, 7 may /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummili lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə tədbir keçirilib.
"BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamənin üçü ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində qəbul edilib. Məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirlərin sayı-hesabı olmayıb", - Trend-in məlumatına görə, cümə günü keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
Həsənovun sözlərinə görə, məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1994-cü il noyabrın 17-də ilk fərman imzalayıb.
"Bu problemlərin həlli məqsədilə 1995-ci il yanvarın 15-də dövlət komissiyası yaradılıb. Ümummilli liderimiz 1997-ci il dekabrın 18-də Ermənistandan deportasiya olunan azərbaycanlılarla bağlı qərar qəbul edib", - komitə sədri əlavə edib.
Baş nazirin müavini deyib ki, Heydər Əliyev 1998-ci il sentyabrın 18-də qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ilk Dövlət Proqramı qəbul edib. Məcburi köçkünlərin problemləri ilə bağlı BMT qarşısında dəfələrlə məsələ qaldırıb.
"Ümummilli liderimimiz Heydər Əliyev həm müstəqil Azərbaycanın, həm də dövlətçiliyimizn memarıdır", - tədbirdə çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
Bayramovun sözlərinə görə, hər bir milləti tanıdan onun dahi övladlarıdır.
"Heydər Əliyev də belə insanlardandır", - icma rəhbəri əlavə edib.
Onun fikrincə, Heydər Əliyev keçmiş SSRİ dövründə də Dağlıq Qarabağa, burada yaşayan əhaliyə xüsusi diqqət göstərib.
"Mən 1991-1992-ci illərdə Şuşa rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyirdim. Ümummilli liderimiz o vaxt blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi daim Şuşanın problemləri ilə maraqlanırdı", - Səfərov vurğulayıb.