Azərbaycan və Belarus elmi-texniki əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırlar
Azərbaycan və Belarus elm və texnologiya sahəsində əməkdaşlıq barədə hökumətlərarası saziş imzalamağı planlaşdırırlar, - Belarusun Elm və Texnologiya Dövlət Komitəsindən BELTA-nın müxbirinə verilən məlumatda belə deyilir.
Saziş haqqında layihə artıq hazırlanıb və imzalanması iyunun əvvəllərinə planlaşdırılır. Sənədin Belarus nümayəndə heyətinin cari ilin iyun ayının əvvəllərində Bakıya səfəri zamanı imzalanması nəzərdə tutulub.
Elm və Texnologiya Dövlət Komitəsindən, həmçinin, bildiriblər ki, Belarusun bir müddət öncə Azərbaycanda keçirilən milli sərgisi zamanı iki ölkənin elmi institutları və mərkəzləri arasında əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb. Xüsusilə də Belarus Dövlət Universiteti "Silvesberg" elmi-mühəndislik şirkəti ilə əməkdaşlıq əlaqələri qurmaq məqsədilə protokol imzalayıb.Tərəflər bioyanacağın istehsalı və kənd təsərrüfatında mikrodalğalı texnologiyanın tətbiqi sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar.
Bununla yanaşı, Belarus Dövlət Universiteti Bakı Dövlət Universiteti ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Sənəddə tələbə, aspirant və müəllimlərin mübadiləsi nəzərdə tutulub. Belarus Milli Elmlər Akademiyasının Fizika İnstitutu və Azərbaycan MEA-nın fizika və fiziologiya institutları arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb.
Gələcəkdə iki ölkə alimləri lazer fizikası, energetika, yeni nəslin hesablama texnikası elementlərinin kompüter modelləşdirilməsi və digər elmi sahələrdə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tuturlar.