...

ABŞ və Avrasiya bir-birinə lazımdır - Azərbaycan deputatı

Siyasət Materials 31 Avqust 2010 17:10 (UTC +04:00)
Barak Obama administrasiyası Türkiyə və Ermənistanın yaxınlaşması və dialoquna nail olaraq uğur əldə etmək üçün lazımi həlledici anı - Azərbaycanı əldən buraxıb.
ABŞ və Avrasiya bir-birinə lazımdır - Azərbaycan deputatı

Barak Obama administrasiyası Türkiyə və Ermənistanın yaxınlaşması və dialoquna nail olaraq uğur əldə etmək üçün lazımi həlledici anı - Azərbaycanı əldən buraxıb. Bu barədə Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə "Washington Times" üçün yazdığı məqalədə bildirib.

"Azərbaycan müsəlman aləmində parlament demokratiyası olan ilk dünyəvi dövlətdir, - Mollazadə yazır. - Və Sovet İttifaqı dağıldığı andan etibarən ölkə bu istiqamətdə hərəkət etməyə davam edir".

"Obama administrasiyasının uzunmüddətli işindən sonra ABŞ-ın Dövlət Departamenti və Müdafiə Nazirliyi tərəfindən Birləşmiş Ştatların müdafiə naziri Robert Geytsin Azərbaycana rəsmi səfəri təşkil olunub. Geyts Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dövlət başçısına ABŞ Prezidenti Barak Obamanın rəsmi məktubunu çatdırıb", - məqalədə yazılır.

Keçmiş Amerika administrasiyalarının dövründə olan fəal əməkdaşlıqla müqayisədə ABŞ-ın Cənubi Qafqaz regionuna marağının azalması son zamanlar Azərbaycanda ciddi təşvişə səbəb olub. Müəllif belə hesab edir. Bununla belə, ölkədə Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinin irəli sürülməsi yüksək qiymətləndirilib.

Prezident Obama Geyts tərəfindən verilən məktubda "ölkələr arasında tərəfdaş münasibətlərinə görə təşəkkürünü" və Birləşmiş Ştatlarla əməkdaşlıq, ABŞ və NATO qoşunlarının Əfqanıstanda fəaliyyətinə hərbi töhfə və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə öz minnətdarlığını bildirib. Məqalə müəllifinin yazdığı kimi, Prezident Obama məktubda "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Cənubi Qafqaz regionunda uzunmüddətli sabitliyin yaranmasında çox mühüm faktor olduğunu" əminliklə ifadə edib.

Mollazadənin sözlərinə görə, Azərbaycanın siyasəti uzun müddətdir ki, sülh nizamlanması prinsipləri əsasında qurulub. Bu cür mövqe həm Demokratik İslahatlar Partiyası, həm də ölkənin hakim partiyası tərəfindən dəstəklənir. Azərbaycan qonşu Ermənistanı arxada qoyaraq Avrasiyanın digər ölkələri ilə yanaşı, Qərbin çiçəklənən və tərəqqi etmiş ölkələri ilə günbəgün yaxınlaşır.

Müəllifin fikrincə, daha ümidverici amil ABŞ-ın dövlət katibi Hillari Klintonun bir müddət əvvəl Şərqi Avropa, Azərbaycan və Ermənistana səfərləridir.

"Dövlət katibinin bəyanatları ABŞ-ın regionda yeni rolu və maraqları perspektivində ruhlandırıcı faktor hesab olunur",-  Mollazadə yazır. "Azərbaycan Şərqi Avropa, Türkiyə və Mərkəzi Asiyadan olan tərəfdaşları ilə birgə yeni İpək yolu yaradır - bu yalnız energetika marşrutu deyil, eləcə də nəqliyyat dəhlizi, rabitə, ticarət yolu, müxtəlif ideyaların irəliləyişi və sivilizasiya dialoqunun inkişafı deməkdir. Ermənistan isə özünütəcrid səbəbindən bu layihələrdə iştirak etmir", - məqalədə deyiir.

Mollazadənin sözlərinə görə, o, bir çox amerikalılardan dəfələrlə eşidib ki, Birləşmiş Ştatlar dost müsəlman ölkələri ilə fəal əməkdaşlıq etməyə hazırdır.

"Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üzrə Obama administrasiyasının səylərini yalnız alqışlamaq olar, - müəllif yazır. - Avrasiya da həmiçinin Birləşmiş Ştatlara ehtiyac duyur".

Xəbər lenti

Xəbər lenti