...

Argentinanın Santa Fe əyalətində Azərbaycan təbliğ olunub

Siyasət Materials 15 Dekabr 2010 15:10 (UTC +04:00)
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentinanın Santa Fe əyalətinə səfər edib.
Argentinanın Santa Fe əyalətində Azərbaycan təbliğ olunub

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir T.Hacıyev/

Argentinanın Santa Fe əyalətində Azərbaycan təbliğ olunub.

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentinanın Santa Fe əyalətinə səfər edib. O, səfər çərçivəsində əyalətin qubernatoru Hermes Xuan Binner, Santa Fe şəhərinin meri Mario Dominqo Barletta, əyalətin inzibati ərazi vahidinə daxil olan və ölkənin əhəmiyyətli iqtisadi mərkəzi Rosario şəhərinin meri Roberto Miqel Lifşitz ilə fərdi görüşlər keçirib. Səfir ölkəmizin reallıqları barədə məlumat verib, bu əyalət və şəhərlərlə iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Santa Fe əyaləti parlamentinin Aşağı deputatlar palatasının sədri və palatada təmsil olunan siyasi partiyaların rəhbərləri ilə "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"da Azərbaycanın müstəqillik əldə etməsindən sonra keçdiyi yol, ölkənin hazırkı reallıqları, dinamik iqtisadi inkişafı, xarici siyasət prioirtetləri, Argentinanın Santa Fe əyaləti ilə əməkdaşlıq mövzularında fikir mübadiləsi aparılıb.

Səfərdə əyalətin Ticarət Birjası, Xarici Ticarət Palatası, Sənayeçilər Birliyi və Rosario Ticarət Birjasında Azərbaycan iqtisadiyyatı və Argentina ilə iqtisadi əməkdaşlıq imkanlarına həsr edilmiş təqdimatlar keçirilib.

Santa Fe Dövlət Litoral Universiteti və Rosario Dövlət Universitetinin rəhbərlikləri və professor-müəllim heyətləri ilə də görüşlər keçirilib. Bu universitetlərlə əməkdaşlıq imkanları müzakirə olunub.

Santa Fe əyaləti Argentinanın aparıcı siyasi, iqtisadi və sosial əhəmiyyətə malik bölgələrindəndir. Ölkənin ümumi daxili məhsulunun istehsalının 27 faizi bu əyalətin payına düşür. Argentinanın kənd təsərrüfatı, xüsusilə də əkinçilik mərkəzi hesab edilən Santa Fe əyalətində dənli bitkilərin becərdilməsi ilə yanaşı, ölkə üzrə kənd təsərrüfatı maşınları və texnologiyalarının yarıdan çoxu istehsal edilir. Zəngin kənd təsərrüfatı təcrübəsinə malik Santa Fe əyaləti həmin təcrübənin digər ölkələrlə paylaşması istiqamətində fəal beynəlxalq əməkdaşlıq həyata keçirir. Santa Fe əyalətinin inzibati ərazi vahidinə daxil olan Rosario şəhəri Argentinanın aparıcı iqtisadi və mədəni mərkəzlərindən biri, habelə soya, qarğıdalı, taxıl və digər dənli bitkilər ixrac edən ən iri limanıdır.

Xəbər lenti

Xəbər lenti