...

Azərbaycan Xalq Cəbhəsi Partiyası birləşmə məsələsinin İsa Qəmbərin iradəsindən asılı olmadığını bəyan edib

Siyasət Materials 27 Yanvar 2011 11:44 (UTC +04:00)
"İstənilən partiyanın nizamnaməsində göstərilir ki, partiyanın ən ali orqanı o partiyanın qurultayıdır. Biz bütün hallarda partiyanın iradəsini ifadə edən orqan kimi qurultayı gözləməyin tərəfdarıyıq", - cümə axşamı Trend-ə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbərin birləşmə məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamasına münasibət bildirərkən deyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası birləşmə məsələsinin İsa Qəmbərin iradəsindən asılı olmadığını bəyan edib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) hesab edir ki, Müsavat Partiyası ilə birləşmə məsələsi başqan İsa Qəmbərin iradəsindən asılı deyil.

"İstənilən partiyanın nizamnaməsində göstərilir ki, partiyanın ən ali orqanı o partiyanın qurultayıdır. Biz bütün hallarda partiyanın iradəsini ifadə edən orqan kimi qurultayı gözləməyin tərəfdarıyıq", - cümə axşamı Trend-ə AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbərin birləşmə məsələsi ilə bağlı mətbuata verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Müsavat başqanı İsa Qəmbər bu günlərdə mətbuata verdiyi müsahibədə bildirib ki, Müsavat Qurultayında AXCP ilə birləşmək məsələsinin qoyulacağı barədə fikirlər yanlışdır.

"Müsavatın funksionerləri, başqan yardımçıları mətbuata bildiriblər ki, birləşmə ilə bağlı partiya daxilində müzakilrələr bitməyib. Məclisin elə bir qərarı yoxdur ki, birləşmə ilə bağlı müsbət və ya mənfi cavab ifadə etsin", - Qəhrəmanlı əlavə edib.

O, hesab edir ki, birləşmə məsələsinin qurultayın gündəliyinə salınacağını istisna etmək düzgün deyil.

"Hər bir partiyanın qurultayında istənilən qurultay nümayəndəsi gündəliyə vacib hesab etdiyi məsələni sala bilər. Ona görə də, bu məsələlərin Müsavatın qurultayına salınmayacağını, müzakirə olunmayacağını və heç bir qurultay nümayəndəsinin belə təkliflə çıxış etməyəcəyini əvvəlcədən güman etmək doğru olmazdı. Biz səbrli olmağın tərəfdarıyıq. Ümidimiz var ki, Müsavatın qurultayında birləşmə məsələsi gündəmə gətiriləcək. O zaman veriləcək qərara münasibət bildirmək olar", - AXCP sədrinin müavini bildirib.

2010-cu ilin İyul ayının 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyalarının birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Müsavat Partiyasının qurultayının 2011-ci ilin may ayında keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti