Qazaxıstan, Astana, 2 aprel /Trend, müxbir A.Maratov/
Türkdilli ölkələrin Parlament Assambleyasının missiyası ilk dəfə olaraq türkdilli dövlətdə prezident seçkilərini müşahidə edir. Trend-in məlumatına görə, bu barədə missiya rəhbəri Aydın Mirzəzadə şənbə günü brifinqdə deyib.
TürkPA missiyası aprelin 3-də Qazaxıstanda prezident seçkilərində seçki prosesinin gedişinə nəzarət edəcək. Nümayəndə heyətinin tərkibinə 7 nəfər - Azərbaycan, Türkiyə və Qırğızıstandan olan nümayəndələr daxildir.
Şənbə günü missiya rəhbəri Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə görüşüb.
Görüş zamanı Saudabayev aprelin sonunda Astanada keçiriləcək assambleyanın ikinci plenar iclasının uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.
"Türk şurasının yaradılması ilə bağlı qərar tarixi əhəmiyyətə malikdir, - Saudabayev qeyd edib. - TürkPA ölkələr arasında mehriban qonşuluq, birləşmə, siyasi və iqtisadi əməkdaşlığın böyük potensialını açacaq, eləcə də türk xalqlarının mədəni-tarixi irsinin qorunması və geniş yayılması üzrə fəaliyyəti aktivləşdirəcək".
TürkPA missiyası seçkilərə hazırlığı müsbət qiymətləndirib.
"Bizim ilk təəssüratlarımız müsbətdir. Dörd namizədin təbliğatı eyni şəkildə aparılıb, onların hər hansı biri üçün hər hansı maneə aşkar edilməyib. Seçkiləröncəsi vəziyyət sakitdir", - Mirzəzadə bildirib.
O ümid etdiyini bildirib ki, seçkilər ədalətli və düzgün olacaq.
"Ümid edirik ki, seçkilərdən sonra Qazaxıstan özünün demokratiyaya doğru irəliləməsində daha güclü olacaq və dünya arenasında yerini daha da möhkəmlədəcək", - Mirzəzadə vurğulayıb.
Prezidentliyə namizədlər arasında hakim "Nur Otan" partiyasından irəli sürülən indiki dövlət rəhbəri Nursultan Nazarbayev, Kommunist Partiyasının sədri Jambıl Axmetbekov, Vətənpərvərlər Partiyasının lideri, senator Qəni Qasımov və "Tabiqat" ekoloji ittifaqının lideri Mels Yeleusizov var.
Prezident seçkiləri ərəfəsində Qazaxıstan XİN rəhbəri Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə görüş keçirərək bu beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli tərəfdaşlıq məsələlərini və gələcək işi müzakirə edib.
Saudabayev qeyd edib ki, Qazaxıstan seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi üçün əlindən gələni edib və beynəlxalq müşahidəçilərin normal işi üçün maksimum əlverişli şərait yaradıb.