Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda korrupsiyaya qarşı mübarizə belə neqativ hallar tam aradan qalxanadək davam etdiriləcək. Bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
"Bu, dövlət başçısının iradəsidir, ölkə başçısının bilavasitə bu məsələ ilə başladığı siyasətin mahiyyətidir və bu iş davam etdiriləcək", - Həsənov deyib.
Prezident Administrasiyasının şöbə müdiri korrupsiyaya qarşı mübarizənin davam etdirildiyini qeyd edərək, bunun müsbət nəticələrinin yetərincə olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.
Bundan sonra ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilib.