Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/
Bu həftə Azərbaycan Milli Məclisinin deputatları Sankt-Peterburqda MDB Parlament Assambleyası komissiyalarının iclaslarında iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Parlamentinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edəcək. İclasda insan alverinə, terrora qarşı mübarizəyə dair model qanunvericilik aktları, sərhədlərin təhlükəsizliyinin təmin olunması, korrupsiya ilə mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunacaq.
MDB PA-nın Hüquq məsələləri daimi komissiyasının iclasında isə millət vəkili Hacı Salayev iştirak edəcək. Toplantıda təşkilata daxil olan ölkələrdə məhkəmələr və hakimlərlə bağlı model kodekslər, "Mülkiyyət hüququnun müdafiəsi" haqqında model qanun, seçkilərdə beynəlxalq müşahidəçilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.