...

Rumıniyanın Liberal Demokrat Partiyasının gəncləri Bakıda görüşlər keçirib

Siyasət Materials 27 İyul 2011 17:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bu gün bir sıra görüşlər keçirib.
Rumıniyanın Liberal Demokrat Partiyasının gəncləri Bakıda görüşlər keçirib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Liberal Demokrat Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bu gün bir sıra görüşlər keçirib. Bu barədə çərşənbə günü Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Rumıniyalı gənclər Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasovla görüşüblər. Görüşdə Abbasov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti haqqında qonaqlara ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində son illər ölkəmizdə bu istiqamətdə böyük nəticələr əldə edilib. İdarə rəisi Azərbaycanda gənclər siyasəti ilə əlaqədar qəbul olunmuş dövlət proqramlarının, gəncliyin inkişafı istiqamətində atılan addımların, xüsusi istedada malik gənclərə olan qayğının ciddi nəticələr verdiyini vurğulayıb.

Rumıniyanın Liberal Demokrat Partiyasının Gənclər Birliyinin sədr müavini Andrey Florea Azərbaycan səfər etmələrindən məmnun olduqlarını bildirib. Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduqlarını deyən qonaq, bu inkişafın digər ölkələr üçün nümunə ola biləcəyini də vurğulayıb.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanla Rumıniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rumıniya prezidentlərinin qarşılıqlı səfərləri, dövlətlər arasında imzalanmış vacib sənədlər münasibətlərin əhəmiyyətindən xəbər verir. Hər iki ölkənin hakim partiyaları arasında da sıx münasibətlərin olduğunu vurğulayan İbrahimqızı partiyaların gənc üzvləri arasında yaranmış əlaqələrin də təqdirəlayiq olduğunu vurğulayıb.

Rumıniyanın Liberal Demokrat Partiyasının Gənclər Birliyinin sədr müavini Andrey Florea yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Azərbaycanla Rumıniyanın dost ölkələr olduğunu deyən qonaq, hər iki ölkənin gəncləri arasında dostluq əlaqələrinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti