...

İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 29 Avqust 2011 16:52 (UTC +04:00)
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə ölkə başçısı İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət etdiyini bildirib.

Prezident İlham Əliyev onu da qeyd edib ki , müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar və xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salır.

Azərbaycan prezidenti onu da qeyd edib ki , Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız məmnuniyyətlə bayram sevincini bölüşür, dövlətimizin rifahı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.

Prezident İlham Əliyev insanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramının cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirdiyini bildirib.

Sonda ölkə başçısı dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram münasibəti ilə təbrik edib və ailələrə xoşbəxtlik, süfrələrə bol ruzi və xeyir-bərəkət arzulayıb.

Xəbər lenti

Xəbər lenti