...

İran XİN sui-qəsd məsələsində ər-Riyadı ehtiyatlı olmağa çağırıb

Siyasət Materials 17 Oktyabr 2011 16:26 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi Səudiyyə Ərəbistanını bu ölkənin Vaşinqtondakı səfirinə qarşı sui-qəsd iddiası ilə bağlı məsələdə ehtiyatlı olmağa çağırıb.
İran XİN sui-qəsd məsələsində ər-Riyadı ehtiyatlı olmağa çağırıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İranın xarici işlər naziri Əli Əkbər Salehi Səudiyyə Ərəbistanını bu ölkənin Vaşinqtondakı səfirinə qarşı sui-qəsd iddiası ilə bağlı məsələdə ehtiyatlı olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi IRNA agentliyi xəbər verir.

"Yəqin Səudiyyə Ərəbistanı hökuməti başa düşür ki, son hadisələr region ölkələri arasında ədavət yaratmağa isiqamətlənib. Ümid edirəm ki, ölkə hökuməti buna diqqət yetirəcək və bu məsələdə ehtiyatlı olacaq", - Salehi deyib.

Nazirin sözlərinə görə, İranın özü terrorla üzləşib və heç vaxt beynəlxalq münasibətləri pozacaq addım atmaz.

"ABŞ tərəfindən təşkil edilən ssenari fakta əsaslanmır. Bu, KİV-də hay-küy yaratmağa və İranı dünya ictimaiyyətinin gözündən salmağa yönəlib", - Salehi bildirib.

XİN rəhbəri həmçinin qeyd edib ki, İran bu məsələnin araşdırılmasında iştirak etməyə və məsələyə aydınlıq gətirilməsinə hazırdır.

"Biz həbs edilənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə ABŞ-dan informasiya təqdim etməyi tələb etmişik", - o qeyd edib.

Ötən çərşənbə axşamı KİV məlumat verib ki, Nyu-Yorkun Federal Məhkəməsi iki iranlıya İsrail və Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirlərinə qarşı terror aktı törətmək və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirini öldürməyə cəhd etməklə bağlı ittiham irəli sürüb. Saxlanılardan biri həmçinin ABŞ vətəndaşlığına malikdir.

Sui-qəsdin üstünün açılmasını bu məsələdə "İranın müəyyən qruplarını və hökumətini" günahlandıran ABŞ-ın baş prokuroru Erik Holder təsdiqləyib. ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, sui-qəsdin üstünün açılmasından sonra İran böyük təcrid olunmaya məruz qalacaq.

İran Prezidenti Mahmud Əhmədinejadın müşaviri Əli Əkbər Cavanfekr ABŞ-ın ölkəsinin səfiri öldürmək məqsədilə sui-qəsddə iştirakı ittihamını rədd edib.

Xəbər lenti

Xəbər lenti