...

Polşadakı Azərbaycan diasporu Rusiyanın bu ölkədəki səfirinə etiraz məktubu ünvanlayıb

Siyasət Materials 10 Noyabr 2011 16:11 (UTC +04:00)
Polşadakı Azərbaycan diasporu Rusiyanın bu ölkədəki səfirinə etiraz məktubu ünvanlayıb.
Polşadakı Azərbaycan diasporu Rusiyanın bu ölkədəki səfirinə etiraz məktubu ünvanlayıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Polşada yaşayan azərbaycanlılar Rusiyanın "Vesti FM" radiostansiyasının efirində jurnalist Vladimir Solovyovun çoxmillətli Azərbaycan xalqının ünvanına təhqirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyasının Polşadakı səfiri Aleksandr Alekseyevə etiraz məktubu ünvanlayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

"Təhqiramiz ifadələrin və milli ədavətin qızışdırılmasına yönəlmiş açıq-aşkar ekstremist çağırışların Rusiya Federasiyasının ən iri media-korporasiyası- VQTRK-nın tərkibinə daxil olan radiostansiyanın efirində səslənməsi xüsusilə təəssüf doğurur", - məktubda qeyd olunur.

Polşada yaşayan azərbaycanlıların "Birlik" Assosiasiyasının ünvanladığı məktubda jurnalist Solovyovun efirdə işlətdiyi ifadələr Azərbaycan və Rusiya arasındakı mövcud mehriban qonşuluq münasibətlərinə qarşı yönəlmiş təxribat kimi dəyərləndirilir.

Polşadakı Azərbaycan diasporu "anti-Azərbaycan kartını oynamaq və Azərbaycanla Rusiya arasındakı münasibətlərə nifaq salmaq istəyən qüvvələrin layiqli cavab alacaqlarına ümid etdiyini" qeyd edərək VQTRK media-korporasiyasından və Rusiya Federasiyasının müvafiq dövlət strukturlarından canlı efirdə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr işlədən "jurnalist" barəsində lazımi tədbirlərin görülməsini xahiş edir.

Noyabrın 1-də Rusiyanın "Vesti FM" radiostansiyasında "Vladimir Solovyovla səhər. Tam əlaqə" proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının hiddətinə səbəb olub. Ölkəmizin din ictimaiyyəti də bu məsələyə kəskin reaksiya verib.

Xəbər lenti

Xəbər lenti