Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.Mehdiyev/
Mərkəzi Seçki Komisiyasının cümə günü baş tutan iclasında noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
Trend-in məlumatına görə, iclasda cəmi bir müraciətin qəbul olunduğu bildirilib və müraciətin baxılması üçün aidiyyəti dairə seçki komissiyasına göndərilməsi qərara alınıb.
İclasın gündəliyinə MSK-nın 17 noyabr 2011-ci il tarixli iclas protokolunun təsdiq edilməsi, "MSK-nın normativ xarakterli aktlarının hazırlanması və qəbul olunması Qaydaları"nın təsdiq edilməsi və 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə əlaqədar MSK-ya edilmiş müraciətlərə baxılması daxil olub.
MSK-nın katibi Arifə Muxtarova "MSK-nın normativ xarakterli aktlarının hazırlanması və qəbul olunması Qaydaları" haqqında məlumat verib. Müzakirələrdən sonra Qaydalar redaktə xarakterli dəyişiklikdən sonra qəbul olunub.