Özbəkistan, Daşkənd, 12 dekabr /Trend, müxbir D.Əzizov/
Bazar ertəsi Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli liderin vəfatının 8-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Heydər Əliyevin Mərkəzin ərazisindəki büstünə əklil və gül dəstələri qoyulub.
Trend-in məlumatına görə, Azərbaycanın bu ölkədəki səfiri Namiq Abbasov Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə gələn ictimaiyyət və KİV nümayəndələri, Azərbaycan diasporunun fəalları, tələbələr qarşısında Heydər Əliyevin Azərbaycanın milli dövlətçiliyinin təşəkkül tapmasında, ölkənin dünya ictimaiyyətinə inteqrasiya etməsindəki xidmətlərindən danışıb.
Mərasimin sonunda Daşkəndin ali məktəblərinin tələbələrinə - "Heydər Əliyev - Azərbaycan xalqının ümummilli lideri" mövzusunda keçirilən inşa müsabiqəsinin qaliblərinə "Heydər Əliyev" kitabı və xatirə hədiyyələri verilib.