Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 20 Yanvar qurbanlarının xatirəsini yad edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yakaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının iştirakı ilə keçiriləcək konfrans, "dəyirmi masa" və seminarlarda Azərbaycan tarixinə faciə ilə yanaşı həmçinin qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş 22 il əvvəl baş vermiş hadisələr təhlil olunacaq.
Murmanskda Azərbaycan tələbələri, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəalları tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək, Azərbaycan televiziyasının verilişlərinə baxış olacaq, ehsan veriləcək və şəhidlərin ruhuna dualar oxunacaq. Tədbir çərçivəsində həmçinin sənədli film nümayiş etdiriləcək və fotosərgi təşkil olunacaqdır. 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Ukrayna, Belarus və Moldovada da keçiriləcəkdir.
Avropanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız da 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirlər. Almaniyanın Berlin, Maqdeburq, Drezden şəhərlərində fəaliyyət göstərən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Azərbaycan Evi, "Xəzər" Hannover cəmiyyəti, "Alm.Az" Cəmiyyəti, tərəfindən keçirilmiş tədbirlərdə şəhidlərin ruhu anılıb, 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yeri və rolu ətrafında yerli ictimaiyyətə, eləcə də digər millətlərin diasporlarının nümayəndələrinə ətraflı məlumat verilib.
2012-ci il yanvarın 14-də Maqdeburq şəhərində "Demokratiya yolları" adlı tədbirdə Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev, Hannover şəhərində fəaliyyət göstərən Xəzər Cəmiyyətinin sədri Etibar Qəniyev 20 yanvar faciəsinə dair toplaşanlara ətraflı məlumat veriblər. Tədbirin sonunda Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təqdim etdiyi 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.
2012-ci il yanvarın 18-də Almaniyanın Drezden şəhərində "Alm.az" cəmiyyətinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə cəmiyyətin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verib, daha sonra "Azadlığa aparan yollar" sənədli filmi nümayiş etdirilib. 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı tədbirlər Almaniyanın Kassel, Marburq, Höttingen şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də təşkil olunacaqdır.
İsveç Krallığında fəaliyyət göstərən "Durna" dərnəyi, Azərbaycan Federasiyası İsveç, "Xəzər" Azərbaycan-İsveç Dostluq Cəmiyyəti tərəfindən müvafiq olaraq Stokholm, Yöteborq, Malmö şəhərlərində 20 Yanvar şəhidlərinin ruhu yad ediləcək. 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər Fransa, Danimarka, Niderland, İtaliya, Böyük Britaniyada da keçiriləcəkdir. Norveç Krallığında Norveç Azərbaycanlıları Gənclər Təşkilatı tərəfindən "20 Yanvar - Qan Yaddaşımız" adlı konfrans, Finlandiyada "Azəri-Fin" Dostluq Cəmiyyəti tərəfindən "Qara Yanvar" adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcəkdir.
20 Yanvar - Ümumxalq Hüzn Günü Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də qeyd olunacaqdır. Türkiyənin Ankara, İstanbul, İzmir, Kocaeli, Balıkesir, Adana, Antalya, Edirne və digər şəhərlərində 20 Yanvar hadisələrinə həsr olunmuş konfrans və "dəyirmi masa"lar keçiriləcək, fotosərgilər təşkil ediləcəkdir.
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin hökumət nümayəndələri ilə görüşərək onlara 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, həmçinin kitab və jurnallar təqdim edib. Misir Ərəb Respublikasında ölkə ictimaiyyətinə, həmin ölkələrdə məskunlaşmış digər millətlərin diaspor nümayəndələrinə 20 Yanvar faciəsi barədə məlumat veriləcək, Küveytdə "20 Yanvar Şəhidləri" adlı foto sərgi təşkil olunacaqdır.
ABŞ-da fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 14 yanvar 2012-ci il tarixində 20 Yanvar faciəsi barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə tədbir keçirib. ABŞ azərbaycanlıları şəbəkəsi 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə bağlı yeni kampaniyaya - məktub göndərmə kampaniyasına start verib. ABŞ-ın rəsmi şəxslərinə ünvanlanan məktublarda deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumu nəticəsində 170 dinc sakin qətlə yetirilib, 321 nəfər itkin düşüb, 700-dən çox adam yaralanıb, yüzlərlə insan həbs edilib.
Kanadada fəaliyyət göstərən Alberta-Azərbaycan Mədəniyyət Mərkəzi və Kanada-Azərbaycan Təşkilatlar Assambleyasına daxil olan təşkilatlar tərəfindən müvafiq olaraq ölkənin Kalqari və Ottava şəhərlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad ediləcəkdir. Latın Amerikasındakı Azərbaycan Assosiasiyası Azərbaycanın Meksikadakı səfirliyi ilə birlikdə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək məqsədilə anım mərasimi keçirəcəklər.
Avstraliyada fəaliyyət göstərən Avstraliya Dostluq Cəmiyyəti 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirəcək, ictimaiyyətə sovet hərb maşınının Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törətdiyi terror aktı barədə məlumat verəcəkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 20 Yanvar hadisələrinin 22-ci ildönümünə və şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirləri yanvar ayının sonunadək davam edəcəkdir.