Azərbaycan, Bakı, 8 fevral /Trend/
Prezident İlham Əliyev Azərbaycan və Macarıstan arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin: Azərbaycan və Macarıstan hökumətləri arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində saziş; Azərbaycan və Macarıstan Müdafiə nazirlikləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş; Azərbaycan və Macarıstan Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu; Azərbaycan Vergilər Nazirliyi və Macarıstan Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair memorandum; Azərbaycan Ədliyyə Nazirliyi və Macarıstan Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu; Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Macarıstan Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlığa dair anlaşma memorandumu.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək; Xarici İşlər Nazirliyinə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan tərəfini xəbərdar etmək tapşırılıb.