...

Qazaxıstanda Azərbaycanın Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 26 May 2012 14:29 (UTC +04:00)
Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə rəsmi ziyafət verilib.
Qazaxıstanda Azərbaycanın Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 26 may /Trend/

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə rəsmi ziyafət verilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ziyafətdə Qazaxıstan tərəfindən əsas qonaq qismində xarici işlər nazirinin müavini Jumabayev Amanqeldı Jumabayeviç iştirak edib.

Tədbir Azərbaycan və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Zakir Həşimov Azərbaycan Demokratik Respublikasının 94 il bundan öncə şərq aləmində yaranmış ilk demokratik müsəlman dövləti olduğunu qeyd edərək, Azərbaycan dövlətinin qurulmasında və müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında, eləcə də Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə geniş məlumat verib. Əsası ulu öndər Heydər Əliyev və Qazaxıstan Respublikası Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu və ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasında ötən 20 il ərzində əlaqələrimizin genişləndiyini və bunun üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi, siyasi və mədəni sahələrdə əldə edilmiş nailiyyətləri qeyd edərək, ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qazandığı qələbəni vurğulayıb. Sonra səfir Dağlıq Qarabağ problemi barəsində geniş məlumat verərək, bu məsələnin ədalətli həllini Azərbaycan üçün mühüm məsələ kimi qiymətləndirib və münaqişənin həllinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında mümkün olduğunu bildirib.

Jumabayev Qazaxıstan-Azərbaycan dostluq əlaqələrindən danışaraq, münasibətlərin dərin köklərə malik olduğunu, xalqlarımız arasında əlaqələrin inkişafı və möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin xidmətlərini vurğulayıb, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gün-gündən genişləndiyini qeyd edib.

Ziyafətdə Qazaxıstan Parlamentinin sədr müavini Dyaçenko Sergey Aleksandroviç, Qazaxıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlar, Qazaxıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, "Nur Otan" Xalq Demokratik Partiyasının rəsmiləri, Astanada fəaliyyət göstərən institut və universitetlərin müəllimləri, azərbaycanlı tələbələr, ictimaiyyət və KİV nümayəndələri, Qazaxıstanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və üzvləri iştirak ediblər.

Tədbirdə Qazaxıstan Respublikası İncəsənət Universitetinin tələbələrinin ifasında Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin musiqiləri səsləndirilib, ölkəmizdə təntənəli və yüksək səviyyədə təşkil edilmiş "Eurovision-2012" mahnı müsabiqəsinin açılışı nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti