...

Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməli qoyulub (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 15:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməli qoyulub (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak edib.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Beyləqan su-kanal idarəsinin yeni inzibati binası, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və situasiya planı layihələrini əks etdirən stendlərə baxdı.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xidmət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə yaradılıb. Mənbə kimi on subartezian quyusundan istifadə olunur. Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu iki min kubmetr olan iki su anbarı və iki nasos stansiyası mövcuddur. Şəhərin çirkab suları təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır.

Diqqətə çatdırıldı ki, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcək. Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhəri və ətraf iki kəndin 25 mindən artıq sakininin su təchizatının yaxşılaşdırılmasına hesablanıb. İki mərhələdən ibarət layihənin birinci mərhələsinə uyğun olaraq istehlakçıların dayanıqlı və keyfiyyətli su təchizatını yaxşılaşdırmaq üçün beş subartezian quyusu qazılacaq, 500 kubmetr tutumu olan iki su anbarı, nasosxana, xlorlama binası, laboratoriya tikiləcək, 10 kilometr uzunluğunda quyulararası birləşdirici və magistral su xətti çəkiləcək. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3,4 min "Smart" kart tipli sayğacın quraşdırılması nəzərdə tutulur. Bunlarla yanaşı, hazırda istismarda olan iki su anbarı və nasosxana təmir olunacaq. Layihənin ikinci mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa olunacaq. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasının 18 aya başa çatdırılması nəzərdə tutulub.

Dövlətimizin başçısı kompleksin təməlini qoydu.

Prezident İlham Əliyev inşaatçılara uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti