Azərbaycan, Bakı, 2 noyabr /Trend/
BP bu gün Rəşid Cavanşirin Londonda BP-nin Strategiya və İnteqrasiya bölümü üzrə baş vitse-prezidenti təyin olunduğunu elan etdi. Cavanşir 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionundakı biznesinə rəhbərlik edir.
"BP-Azərbaycan" şirkətindən Trend-ə daxil olan məlumata görə, Rəşid Cavanşiri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti kimi Qordon Birrell əvəz edəcək. Qordon öz yeni vəzifəsinin icrasına bu il noyabr ayının 15-dən başlayır.
Qordon Birrell hazırda BP-nin Hasilat bölümü üzrə Texniki Təhlükəsizlik və Əməliyyat Riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.
BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar deyir: "Biz Rəşidi Londona elə bir vəzifəyə aparırıq ki, onun böyük təcrübəsindən bu regiondan da geniş miqyasda və BP-nin ümumi biznesi xeyrinə istifadə edə bilək. Biz Rəşidə BP-nin Azərbaycandakı biznesinə rəhbərliyi və Azərbaycandakı, həmçinin regiondakı uğurlarımıza doğru müstəsna qətiyyətinə görə təşəkkür etmək istərdik. Biz qəti şəkildə o niyyətdəyik ki, ARDNŞ, hökumət və tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı uğurlarımızı davam etdirək. Buna nail olmaq üçün diqqətimizi işlərimizin təhlükəsiz şəkildə həyata keçirilməsinə, hasilatın maksimallaşdırılmasına və iş icrasının intensivləşdirilməsinə cəmləşdirməkdə davam edəcəyik. Bir təcrübəli rəhbər və bizim Azərbaycandakı geoloji-kəşfiyyat layihələrimizdə iştirak etmiş birisi kimi Qordon bizim buradakı uğurlu tərəfdaşlığımızı davam etdirəcək. Buna uzunmüddətli biznes planlarımızın, xüsusilə də hazırda tərəfdaşlarımız və Azərbaycan hökumətilə birgə işlənən ACG hasilatının uzunmüddətli stabilləşdirilməsi ilə bağlı planın həyata keçirilməsi yolu ilə nail olunacaq. Mən Rəşidə və Qordona öz yeni mühüm rollarında uğurlar arzulayıram."
Qeyd edək ki, Rəşid Cavanşir 2009-cu ilin sentyabrın 1-dən "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri layihələrinin operatoru olan "ВР Azərbaycan" şirkətinə prezident təyin olunmuşdu. Bu vəzifədə əvvəl Bill Şreder çalışıb.