...

Əli Əliyev: Azərbaycan müxalifəti prezident seçkilərinə düzgün təşkilatlana bilmədi

Siyasət Materials 12 Yanvar 2013 11:25 (UTC +04:00)
Azərbaycan müxalifətinin seçkilərdə zəif olmasının şahidi olacağıq, çünki müxalifət düzgün təşkilatlana bilmədi. Bu barədə Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Əli Əliyev: Azərbaycan müxalifəti prezident seçkilərinə düzgün təşkilatlana bilmədi

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifətinin seçkilərdə zəif olmasının şahidi olacağıq, çünki müxalifət düzgün təşkilatlana bilmədi. Bu barədə Trend-ə müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.

"Təbii ki, müxalifət düşərgəsində bu günə qədər baş verən proseslər ümumi konsalidasiyaya səbəb ola bilmədi və bugünkü münasibətlər sistemi vahid namizədin irəli sürülməsini mümkün etmir", - Əliyev deyib.

O qeyd edib ki, bir sıra partiyalar artıq öz şəxsi maraqlarından çıxış edərək namizəd irəli sürmək kimi qərar veriblər.

VİP-in prezident seçkilərində iştirakına toxunan Əliyevin sözlərinə görə, ehtimal var ki, rəhbərlik etdiyi partiya seçkilərdə iştirak etsin.

"Ola bilər ki, seçkilərdə iştirak edək. Hələ dəqiq söz deyə bilmərəm. Vətəndaş və İnkişaf Partiyasının qurultayı yazda olacaq və qərarı qurultay verəcək. Qurultay məqsədəuyğun saymasa, təbii ki, prezident seçkisində iştirak etməyəcəyik", - Əliyev bildirib.

Əliyev, həmçinin VİP, Ədalət və Yaşıllar partiyaları tərəfindən yaradılması nəzərdə tutulan birgə blokun prezident seçkiləri ilə bağlı olmadığını deyib.

"Yaranacaq blok başqa dəyərləri hədəfə alan bir blokdur. Seçki məsələsi bu münasibətləri tənzimləyən proses olmayacaq. Hər bir partiya seçkiyə özü münasibət bildirəcək. Təbii ki, mümkün olsa, ümumi mövqe əldə edəcəyik", - Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti