Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanla Norveç Krallığı arasında əməkdaşlıq yüksək səviyyədədir. Norveçin "Statoil" şirkəti Azərbaycanda böyük işlər görür, ölkəyə irihəcmli sərmayələr yatırıb. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Biz bu gün Norveçin xarici işlər naziri Espen Bart Eide ilə görüşdə iqtisadiyyat və enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq", - Məmmədyarov bildirib.
O qeyd edib ki, eyni zamanda, regional məsələlər, Əfqanıstan, İran, Rusiya ilə bağlı müzakirələr aparıldı.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarıma məlumat vermişəm, həmçinin BMT çərçivəsində iki ölkə arasında əməkdaşlıq müzakirə olunub", - Məmmədyarov deyib.
Norveç XİN-in rəhbəri gələcəkdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.
O qeyd edib ki, Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli əməkdaşlığa təkan verməkdir. Nazir deyib ki, Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biri hesab olunur.