...

AMİP sədrindən təklif: müxalifət seçkilərə yeni sima ilə getməlidir

Siyasət Materials 29 Mart 2013 11:18 (UTC +04:00)
Azərbaycan müxalifət partiyasının sədri hesab edir ki, müxalifət düşərgəsi qarşıdan gələn prezident seçkilərinə yeni sima ilə getməlidir.
AMİP sədrindən təklif: müxalifət seçkilərə yeni sima ilə getməlidir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalifət partiyasının sədri hesab edir ki, müxalifət düşərgəsi qarşıdan gələn prezident seçkilərinə yeni sima ilə getməlidir.

"Müxalifət düşərgəsi seçkiyə yeni, elə bir sima çıxarmalıdır ki, bu adam əvvəlki seçkilərdə namizəd kimi iştirak etməsin. Müxalifətin uduşu onda ola bilər ki, bu yeni sima öz ətrafına cəmiyyətin siyasi proseslərə qoşulmayan insanlarını cəlb edə bilsin. Yəni yeni sima olsa, daha cəlbedici ola bilər", - bu barədə Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən siyasi müxalifət partiyaları bu seçkidə bir mövqedən çıxış etsələr yaxşıdır, lakin bunun üçün vaxt çox azdır.

"AMİP seçkilərdə müxalifət düşərgəsinin birləşmiş modeli ilə iştirak etmək niyyətindədir, lakin buna nail olunmasa, əlbəttə ki, partiya seçkilərə öz namizədi ilə gedəcək", - Bağırzadə deyib.

Namizədin kimliyinə gəlincə isə Bağırzadə bu haqda danışmağın hələ tez olduğunu deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar siyasi proseslər artıq başqa fazaya daxil olub.

"Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, bloklar artıq başqa müstəvidə hərəkətə başlayıblar. Ola bilsin ki, bu siyasi bloklar arasında təmərküzləşmə, birləşmə və yaxud ayrılma prosesi baş versin", - Bağırzadə deyib.

O, həmçinin vurğulayıb ki, bu gün müxalifət düşərgəsində vəziyyət qənaətbəxş deyil, yəni siyasi aktivlik müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti