Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir E.Mehdiyev/
Vətəndaş və İnkişaf Partiyası (VİP) özünün yeni təsvirdə loqotipini, gerbini və rəmzini təsdiqləyib.
VİP-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, partiyanın loqotipi VİP abreviaturası ilə ifadə olunur və həmin formada İ hərfi üzərindəki məşəl millətçi-mühafizəkar partiya olan VİP-in əsaslandığı ideologiyanın inikasıdır.
VİP-in yeni gerbində əks olunmuş üç üfüqi zolaq Azərbaycan insanının etnik, dini və siyasi kimliyini təcəssüm etdirərək, onun bu mühüm təməllər üzərində layiqli vətəndaş olaraq formalaşması və inkişafının zəruriliyini bildirir.
Gerbdəki aypara formalı üç təsvir insanın təkamül və inkişafı üçün tələb olunan ağıl, əzm və gücü ifadə edərək, yalnız bu mühüm keyfiyyətlərin vəhdəti sayəsində uğur qazanılmasının mümkünlüyünün göstəricisidir. Gerbin üzərində əks olunduğu çevrə isə bu keyfiyyətlərə malik insanın can atdığı kamilliyin ifadəsidir.
VİP-in yeni rəmzi kimi, narın seçilməsinin də ciddi əsasları var. Qurani-Kərimdə də adı çəkilən nar cənnət meyvəsi hesab olunur. Nar, eyni zamanda, Azərbaycanın endemik meyvələrindən sayılır. Amma təbii ki, siyasi partiya olaraq, VİP-in narı özünə rəmz seçməsi tək bu məqamlarla əlaqəli deyil.
Narın yeganə taclı meyvə olması onu qədim zamanlardan dövlət və hakimiyyət rəmzinə çevirib. Bu baxımdan, əsas hədəfi siyasi hakimiyyətə gəlmək olan VİP-in narı rəmz seçməsi təbii qarşılanmalıdır.
Konkret ifadə olunsa, narın qabığı dövlətin hüdudlarını ehtiva edərək qoruyucu funksiyaya malikdir. Narın dənələri dövlətin əsas zənginliyi olan vətəndaş toplusunun ifadəsidir. VİP-in bayrağındakı narın yerə düşmüş dənələri isə Azərbaycanın istiqlal mübarizəsində verdiyi qurbanlar mənasını əks etdirir.
Narın müxtəlif hissələrinin özünəməxsus məna yükü olduğu kimi, VİP-in seçimində parçalanmış nara üstünlük verilməsi də səbəbsiz deyil. Parçalanmış nar Azərbaycanın tarixi və müasir bütövlüyünün pozulmasının xatırladıcı və düşündürücü təsdiqidir.