...

Prezident İlham Əliyev: Azərbaycan və Avstriyanın iqtisadi əməkdaşlığı uğurludur (FOTO)

Siyasət Materials 13 May 2013 20:50 (UTC +04:00)
Mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olub.
Prezident İlham Əliyev: Azərbaycan və Avstriyanın iqtisadi əməkdaşlığı uğurludur (FOTO)

Azərbaycan, Bakı, 13 may /Trend/

Mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış etdilər.

2011-ci ilin oktyabr ayında respublikamıza rəsmi səfərini xatırladan Avstriya Prezidenti Haynts Fişer bu səfərin ölkələrimiz arasında əməkdaşlığa təkan verdiyini bildirdi. Qeyd etdi ki, dostluq əlaqələrinin inkişafı Azərbaycan ilə Avstriya arasında bütün sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar açmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Haynts Fişer bildirdi ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Avstriya Prezidenti dedi ki, iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanda Avstriya şirkətləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Haynts Fişer vurğuladı ki, Azərbaycan ilə Avstriya arasında enerji sahəsində əməkdaşlığın böyük perspektivi vardır və səfər çərçivəsində bu məsələ diqqət mərkəzində olmuşdur.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev imzalanan Birgə Bəyannamənin ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, ölkələrimizin iqtisadi əməkdaşlığı uğurludur, ticarət dövriyyəsi artır. Hər iki ölkənin şirkətləri qarşılıqlı surətdə fəal əməkdaşlıq nümayiş etdirirlər. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın vacibliyinə də toxundu və Trans-Anadolu qaz kəmərinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı bildirdi ki, bu kəmər Azərbaycan qazının Avropaya çatdırılmasına əlavə imkanlar yaradacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır. Dövlətimizin başçısı bildirdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da status-kvonun qəbuledilməz olduğunu bəyan etmişlər.

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti