...

VİP sədri bəzi həmkarlarının psixoloji durumundan narahatdır

Siyasət Materials 21 May 2013 15:35 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Milli Şuranın yaradılması üçün danışıqların üçtərəfli formatdan çoxtərəfli formata keçirilməsi heç bir fayda verməyəcək.
VİP sədri bəzi həmkarlarının psixoloji durumundan narahatdır

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Milli Şuranın yaradılması üçün danışıqların üçtərəfli formatdan çoxtərəfli formata keçirilməsi heç bir fayda verməyəcək.

"Ola bilər ki, say artımı baxımından səmərəli olsun, amma faydalılıq baxımından o təşkilatı perspektivli görmürəm, çünki onu Azərbaycanın maraqları üçün təhlükəli görürəm. Hesab etmirəm ki, onların nə özləri üçün, nə də millət üçün səmərəsi olsun", - bu barədə Trend-ə VİP sədri Əli Əliyev deyib.

Əliyev hesab edir ki, danışıqların çoxtərəfli formata keçirilməsi ilə sadəcə bir az şərtləri yumşaldıblar: "Orada kimsə birinci sort, kimsə aşağı sortlar kimi təqdim olunurdu. Amma başa düşürlər ki, aşağı sort olmaq istəyənlərin sayı azdır. Ona görə də indi bir az davranış tərzini dəyişiblər".

VİP sədri İctimai Palatanın müxalifət düşərgəsində əsas aparıcı qüvvə olduğu barədə səsləndirilən fikirlərə də münasibət bildirib: "Əgər İctimai Palata qarşısına qoyduğu vəzifələri yerinə yetirə bilməyibsə, nəticədə heç bir siyasi məqsədə nail olunmayıbsa, heç bir faydalılıq əmsalı yoxdursa, bu, uğursuzluqlara don geydirməkdən başqa bir şey deyil".

Əliyevin fikrincə, müxalifətin vəzifəsi hakimiyyətə gəlməkdir və əgər müxalifət hakimiyyətə gəlməyibsə, deməli heç nə olmayıb: "Həmin adamların psixoloji durumundan xəbərdarıq. Onlar müxalifətin birincisi olmaq uğrunda mübarizə aparırlar. Həmin açıqlamalar da o psixoloji durumdan irəli gələn haldır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti