...

Fransa təşkilatı Azərbaycanda "exit poll" keçirəcək

Siyasət Materials 4 Oktyabr 2013 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti oktyabrın 9-da keçiriləcək prezident seçkilərində "exit-poll" təşkil edəcək.

Trend-in məlumatına görə, bu məqsədlə "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti seçkiqabağı vəziyyətin öyrənilməsi, habelə bilavasitə prezident seçkiləri günündə ekzit-polun keçirilməsi üçün bu istiqamət üzrə ixtisaslaşmış və zəruri təcrübəyə malik beynəlxalq tədqiqat şirkətlərinin fəaliyyəti barədə müvafiq araşdırma aparmışdır.

Mərkəzi Fransa Respublikasında yerləşən "OpinonWay" tədqiqat şirkətinin indiyədək olan fəaliyyəti, ictimai rəyin öyrənilməsi ilə bağlı təcrübəsi, həyata keçirmiş olduğu tədqiqatları və xüsusən də ciddi reputasiyası "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətini Azərbaycana prezident seçkiləri ərəfəsində ictimai rəyin öyrənilməsi və seçki günü ekzit-polun keçirilməsi üçün məhz sözügedən təşkilata müraciət etməsinə əsas vermişdir.

"OpinonWay" Tədqiqat İnstitutu 2000-ci ildə təsis edilib. İnstitut Fransa Respublikasının nüfuzlu telekanalları və qəzetlərinin sifarişi ilə ictimai rəyin öyrənilməsi ilə bağlı tədqiqatlar həyata keçirir.

Cari ilin iyul ayından etibarən "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti ilə "OpinonWay" Tədqiqat İnstitutu arasında danışıqlara start verilmiş və bu danışıqların uğurlu nəticəsi olaraq tərəflər arasında avqust ayının sonunda müqavilə imzalanmışdır.

"OpinonWay" Tədqiqat İnstitutu sahə işlərinin həyata keçirilməsi, texniki dəstək üçün yerli tərəfdaş seçilməsi məqsədilə müvafiq araşdırmalar aparmışdır. "OpinonWay" Tədqiqat İnstitutu "Konstitusiya" Araşdırmalar Fondunun apardığı tədqiqatlar, fəaliyyəti ilə tanış olaraq, təcrübəsini nəzərə alaraq Azərbaycan Respublikasında fəaliyyət göstərəcək yerli tərəfdaş təşkilat olaraq "Konstitusiya" Araşdırmalar Fondunu seçmiş və Fond tədqiqat çərçivəsində sahə işlərinin həyata keçirilməsini və digər texniki dəstəyi göstərəcəkdir.

Müqavilənin şərtlərinə əsasən, seçkiqabağı vəziyyətin qiymətləndirilməsi məqsədilə 23-29 sentyabr tarixlərində respublikanın bütün ərazisini əhatə etməklə ictimai rəy sorğusu keçirilmişdir.

Səsvermə günü 64 seçki dairəsini əhatə etməklə 99 seçki məntəqəsində ekzit-polun keçirilməsi nəzərdə tutulmuşdur. Səsvermənin gedişi zamanı həyata keçiriləcək ekzit-polun nəticələri gün ərzində üç dəfə (saat 13:00, 16:00 və 18:00), səsvermə bitdikdən sonra isə yekun nəticələr ictimaiyyətə təqdim olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti