...

Ramil Usubov 5 il əvvəl Yunanıstana təqdim olunmuş sazişin imzalanmasını gözləyir

Siyasət Materials 13 Dekabr 2013 16:36 (UTC +04:00)
Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.
Ramil Usubov 5 il əvvəl Yunanıstana təqdim olunmuş sazişin imzalanmasını gözləyir

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir yeni təyinat münasibətilə qonağı təbrik edib və ona uğurlar arzulayıb. Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf dövrünü yaşadığını xatırladan R.Usubov ölkələrimizin və xalqlarımızın milli maraqlarına və mənafelərinə uyğun olaraq, dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlər, ən yüksək səviyyədə imzalanmış sənədlər sayəsində birgə əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazir DİN-in fəaliyyət istiqamətləri və funksional vəzifələri, ölkəmizdəki kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən yeniləşmə və islahatlar prosesindən danışıb.

Ölkə Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən birinin insan və vətəndaş hüquq və azadlıqlarının qorunması olduğunu deyən R.Usubov həmin məsul vəzifələrin yerinə yetirilməsi üçün kadrların düzgün seçilərək yerləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına, qabaqcıl təcrübənin xidməti fəaliyyətdə tətbiqinə xüsusi diqqət yetirildiyini qeyd edib.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini nəzərə çatdıran nazir hələ 2008-ci ildə "Azərbaycan Respublikasının Hökuməti və Yunanıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu xatırladıb, həmin sənədin imzalanmasının əlaqələrin daha da genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacağını, rəhbərlik etdiyi qurumun bu işdə maraqlı olduğunu bildirib.

Görüşdə problemlərə toxunularkən bütün dünya dövlətləri üçün təhlükəli olan transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanıb.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən səfir D.Tsounqas ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib, ikitərəfli əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti