...

Ərdoğan Tükiyədə korrupsiya qalmaqalının səbəblərinə aydınlıq gətirib

Siyasət Materials 25 Dekabr 2013 17:25 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın toplantısı zamanı ölkədə korrupsiya qalmaqalının səbəblərinə aydınlıq gətirərək baş verən hadisələrdə Türkiyənin iflasını istəyən qüvvələrin olduğunu bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Ərdoğan Tükiyədə korrupsiya qalmaqalının səbəblərinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın toplantısı zamanı ölkədə korrupsiya qalmaqalının səbəblərinə aydınlıq gətirərək baş verən hadisələrdə Türkiyənin iflasını istəyən qüvvələrin olduğunu bildirib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir qeyd edib ki, Türkiyənin regionda iqtisadi sahədə qazandığı nailiyyətlər bir çoxlarının xoşuna gəlmir:

"Türkiyə Beynəlxalq Valyuta Fonduna olan borcunu qaytardı, ölkədə atom elektrik stansiyaları inşa ediləcək, bütün bunlarla yanaşı, ölkənin bütün regionlarında iqtisadi yüksəliş bir çoxlarının xoşuna gəlmir".

R.T.Ərdoğan bildirib ki, hakim partiyanın qeyri-qanuni qruplara qarşı apardığı mübarizə tam olaraq öz nəticəsini verməyib və bu qruplar dövlət içində "dövlət" yaradıblar.

Bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan nazirlərdən üçü - iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.

Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir və saxlanılan iş adamı Əli Ağaoğlu həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti