...

KXCP və ACP-dən AMİP sədrinin xəbərdarlığına reaksiya

Siyasət Materials 22 Yanvar 2014 14:27 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyası və Açıq Cəmiyyət Partiyası (yeni adı Azad Demokratlar Partiyası) həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində (DQB) təmsilçilik məsələsinə aydınlıq gətirib.
KXCP və ACP-dən AMİP sədrinin xəbərdarlığına reaksiya

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.Mehdiyev/

Klassik Xalq Cəbhəsi Partiyası və Açıq Cəmiyyət Partiyası (yeni adı Azad Demokratlar Partiyası) həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində (DQB) təmsilçilik məsələsinə aydınlıq gətirib.

KXCP sədri Mirmahmud Mirəlioğlu Trend-ə bildirib ki, hər iki təşkilatda təmsilçilik konkret olaraq gələcəkdə bir-birinə mane olacaqsa, uyğun qərar veriləcək: "Demokratik Qüvvələrin Birliyinin seçki blokuna çevrilməsi məsələsi yəqin ki, müzakirə mövzusu olacaq. Biz KXCP olaraq bələdiyyə və parlament seçkilərində iştirakın tərəfdarıyıq. Ola bilsin ki, Milli Şurada bunun əksi olsun. Ona görə də bu gün üçün Milli Şura ilə DQB biri digərinə mane olan məsələ deyil. Sabah isə, konkret olaraq gələcəkdə bu məsələlərdə bir maneçilik olacaqsa, müzakirələr aparılıb uyğun qərar qəbul ediləcək".

ACP sədri Sülhəddin Əkbər isə Trend-ə bildirib ki, bu məsələ müzakirələr nəticəsində bəlli olacaq: "Nə Milli Şurada, nə də DQB-də seçki blokuna çevrilmək məsələsi müzakirə olunur. DQB-nin son toplantısında mən də iştirak etmişəm, belə müzakirələr olmayıb. DQB seçki blokuna çevriləcəyi halda qərar müzakirələrdən sonra veriləcək. Bu məsələ müzakirələr nəticəsində bəlli olacaq. Müzakirələr olmamış bir söz demək olmaz".

Qeyd edək ki, DQB-də təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yüsif Bağırzadə Trend-ə açıqlamasında DQB-nin seçki blokuna çevrilməsi ilə bağlı müzakirələr getdiyini və bu baxımdan da KXCP ilə ACP-nin ya Milli Şurada, ya da DQB-də qalmaqla seçim etmələrinin vacibliyini vurğulayıb.

DQB-də AMİP, Xalq Azadlıq Partiyası, İslam Demokrat Partiyası, ACP, KXCP, Liberal Partiyası və Böyük Azərbaycan Partiyası təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti