Azərbaycan, Bakı, 28 mart /Trend/
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya-Azərbaycan Forumunun sədri Hans Eberhard Şleyerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında X.Xələfov Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın dinamik əsasda inkişaf etdiyini qeyd edərək, mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən Almaniya-Azərbaycan Forumunun mühüm rola malik olduğunu vurğulayıb.
Azərbaycanın iqtisadi cəhətdən dinamik surətdə inkişaf etdiyini deyən nazir müavini iqtisadi sahədə daha yaxın əməkdaşlıq üçün böyük imkanların olduğunu diqqətə çatdıraraq, Almaniya-Azərbaycan Forumunun iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə biləcəyini qeyd edib.
Almaniya-Azərbaycan Forumunun sədri H.E.Şleyer Azərbaycana səfər çərçivəsində çoxsaylı görüşlər keçirdiklərini qeyd edərək, forumun iki ölkə arasında iqtisadi, mədəni, humanitar əlaqələrin inkişafı məqsədilə müxtəlif layihələrlə çıxış etdiyini və gələcəkdə fəaliyyət dairəsinin daha da genişləndiriləcəyini nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.