Prezident İlham Əliyev: Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülüb (FOTO)

Prezident İlham Əliyev: Son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülüb (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Müstəqilliyimizin daimi, əbədi, dönməz olmasında, dövlətçiliyimizin möhkəmlənməsində, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycanın hər yerində əziz tutulur, böyük hörmət və rəğbətlə anılır.

Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bütün bölgələrdə mühüm işlər görülür, vacib layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür.

Belə mərkəzlərdən biri də Neftçalada yaradılmışdır. Orijinal layihə əsasında tikilən bu mərkəz ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar sərgilənir. Müstəqilliyin möhkəm dayaqlar üzərində bərqərar olması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, ölkəmizin indi bütün sahələrdə qazandığı uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısını alan, iqtisadiyyatı ağır böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxaran, qüdrətli ordu quruculuğu istiqamətində tarixi işlər görən Ümummilli Liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Belə mərkəzlərin yaradılması isə dahi rəhbərin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2012-ci ildə başlanılmışdır. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Müasir interyeri ilə diqqəti cəlb edən foyedə Ümummilli Liderin büstü qoyulmuşdur. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Ulu Öndərin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zamanı çəkilən fotoları nümayiş olunur. Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcəkdir. Bu dərnəklər gənclərinmüxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar yaradır. Mərkəzdəki xarici dil kursları, 3D kinozalı, Olimpiya və interaktiv tirlər, intellektual oyun zalı, fotostudiya da müasirliyi ilə diqqəti cəlb edir. Müasir akustik sistemlə təchiz edilən 400 yerlik konfrans zalında Neftçala rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkün olacaqdır.

Qeyd edildi ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Binada Prezident İlham Əliyevin Neftçalaya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunmuşdur. Burada sərgi salonu, kafe, istirahət otağı və digər yardımçı otaqlar vardır.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi:

"İlk növbədə sizi Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu gün böyük bayramdır, Respublika Günüdür, müstəqillik günüdür. Dünən Bakıda təntənəli tədbir keçirilmişdir və bu gün bu bayramı qeyd etmək üçün mən Neftçalaya gəlmişəm. Bu gün - bu gözəl bayram günündə Heydər Əliyev Mərkəzi açılır. Bu hadisə də rəmzi xarakter daşıyır. Çünki bizim müstəqilliyimizin banisi məhz Heydər Əliyevdir. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi və 20 ildən artıqdır ki, uğurla inkişaf edir".

Prezident bildirib ki, bu gözəl Mərkəz göz oxşayır: "Həm xarici görünüşü, eyni zamanda, daxili dizaynı da çox gözəldir, zövqlə tikilibdir. Eyni zamanda, bu Mərkəzin funksional cəhəti də çox müsbətdir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl şərait var, dərnəklər, xarici dil kursları, kompyuter mərkəzi fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu Mərkəz doğrudan da bir mərkəz olacaqdır. Əminəm ki, Neftçala rayon sakinləri, gənclər bu Mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər".

Dövlət başçısının sözlərinə görə, Neftçalanın bu hissəsi abadlaşır, gözəlləşir, rayon mərkəzində quruculuq işləri aparılır: "İstərdim ki, hər bir kənddə də işlər bu səviyyədə olsun. Bizim əsas məqsədimiz də bundan ibarətdir. Çünki regional inkişaf proqramlarının qəbulu məhz bu məqsədi daşıyırdı. Hər bir rayonda inkişaf olmalıdır. Hər bir rayonda, hər bir kənddə quruculuq işləri aparılmalıdır.

Biz bu gün - müstəqillik günündə görülən işlərə bir daha qiymət veririk və görüləcək işlər haqqında da əlbəttə ki, öz fikirlərimizi ifadə edirik.

Mən dünən rəsmi qəbulda gələcək planlarımız haqqında fikirlərimi bildirdim, onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq bu gün burada olarkən bir daha regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Qəbul edilmiş proqramlar icra olunur. Bu, çox müsbət haldır. Deyə bilərəm ki, iki proqram artıqlaması ilə icra edilmişdir. İndi üçüncü proqram icra edilir, 2018-ci ilə qədər tamamilə icra olunacaq və o vaxta qədər bütün rayonlarımızda əsas infrastruktur layihələri başa çatmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki bunlar çox konkret proqramlardır. Proqramların icrası üçün maddi təminat da vardır. Bu gün Azərbaycanın maliyyə vəziyyəti elədir ki, biz istənilən layihəni özümüz icra edə bilərik və edirik. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılır, regionların inkişafı ilə bağlı nəzərdə tutulmuş məsələlər öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, bütün işlər vaxtında və keyfiyyətlə görülsün. Əminəm ki, biz buna nail olacağıq və artıq bütün bölgələrdə infrastruktur layihələri 2018-ci ildə başa çatacaqdır. O cümlədən Neftçala rayonunda da həllini gözləyən layihələr icra edilir və ediləcəkdir".

Dövlət başçısı qeyd edib ki, ilk növbədə yolların tikintisi diqqət mərkəzində olmalıdır: "Bu məqsədlə iki il bundan əvvəl burada bir neçə kəndi birləşdirən yolun tikintisinə vəsait ayrılmışdır və o layihə icra edilib. Salyan-Neftçala avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İndi cari təmir aparılmışdır, ancaq bu yol əsaslı təmir olunacaqdır və biz yaxın zamanlarda buna da başlayacağıq.

Bakı-Salyan yolunun böyük hissəsi artıq istifadəyə verilib, dördzolaqlı çox gözəl yoldur. Yəni, buradan həm Bakı, həm digər rayonlarla əlaqələr daha da möhkəm olacaqdır. Kənd yollarının tikintisi də gündəlikdə duran məsələdir. Biz bütün rayonlardan, həm yerli icra orqanlarından, eyni zamanda, vətəndaşlardan təkliflər almışıq. Neftçalada böyük bir yol layihəsinin icrası həllini gözləyir. Bu da 61 kilometr uzunluğunda, təqribən 20-dən çox kəndi birləşdirən bir yol olacaqdır. Beləliklə, həm o yol, həm də hazırda icra edilmiş yol layihələri demək olar ki, kənd yolları problemini bütünlüklə həll edəcəkdir".

İlham Əliyev bildirib ki, digər məsələlər də, digər problemlər də vardır:

"Siz onları yaxşı bilirsiniz, mən də bilirəm. Biz onları da tədricən həll edirik. Burada əsas problem içməli su məsələsidir. Biz çalışmışıq ki, son illər ərzində bu məsələni tədricən həll edək. İyirmidən çox kənddə təmizləyici qurğular quraşdırılmışdır və bu qurğular əhalinin təxminən 50 faizini təmin edir. Ancaq biz Neftçala sakinlərini təmiz içməli su ilə tam şəkildə təmin etməliyik və bunu edəcəyik. Layihələr hazırlanır, yəqin ki, yaxın vaxtlarda onların icrasına başlanacaqdır. Modul tipli layihələr də əlbəttə ki, davam etdiriləcəkdir. Ancaq şəhərin yeni şəbəkəsi qurulmalıdır. Yeni mənbələr aşkar edilməlidir və əlbəttə ki, infrastruktur işləri aparılmalıdır. Bu, gündəlikdə duran məsələdir və bu məsələ öz həllini tapacaqdır".

Prezident bildirib ki, qazlaşdırma ilə bağlı problemlər vardır: "O mənada ki, Neftçala rayonu hələ 100 faiz qazlaşdırılmayıbdır. Təxminən 50 faiz qazlaşdırılıbdır. Əhalinin 50 faizi qazla təmin edilir.

Neftçala rayonunda qazlaşdırma 100 faiz olmalıdır və qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, bu məsələlərlə məşğul olan dövlət qurumları bu işləri daha da sürətlə aparmalıdırlar.
Sosial infrastrukturun yaradılması əlbəttə, daim diqqət mərkəzindədir. Mərkəzi xəstəxanada təmir işləri başlanır, vəsait ayrılıbdır. Yeni Olimpiya Kompleksi tikiləcəkdir. Məktəblər təmir edilir, tikilir. Yəni, bax, bütün bu sosial və infrastruktur məsələlərinin həlli gündəlikdədir. Biz bu məsələləri bilirik, onları icra edirik və edəcəyik.

Şübhəsiz ki, Neftçala rayonunda yeni iş yerlərinin açılması da çox vacib məsələdir. Burada bir neçə müəssisə fəaliyyət göstərir. Ancaq hesab edirəm ki, onların sayı daha da çox olmalıdır. Xüsusilə nəzərə alaq ki, bu il "Sənaye ili" elan edilmişdir. "Sənaye ili"nin xüsusiyyəti ondan ibarətdir ki, bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bir neçə böyük sənaye mərkəzimiz vardır və onların inkişafı əlbəttə ki, prioritet xarakter daşıyır. Ancaq, eyni zamanda, mən göstəriş vermişəm ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Hər bir rayonun xüsusiyyətlərinə görə bu zonalarda müxtəlif istehsalat sahələri yaradılsın. O cümlədən Neftçala rayonunda da belə zona olmalıdır. Yəqin ki, ictimaiyyət və rayon rəhbərliyi o yerləri müəyyən edəcəkdir. Orada dövlət hesabına infrastruktur layihələri icra olunacaqdır. Bütün kommunikasiyalar çəkiləcək və sahibkarlara şərait yaradılacaqdır ki, onlar orada öz sənaye müəssisələrini qursunlar.

Dövlət də öz tərəfindən maliyyə dəstəyini göstərəcəkdir. Çünki sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir və bu, özəl sahibkarlığı stimullaşdırır".

Dövlət başçısı deyib ki, son illərdə bölgələrin, qeyri-neft sektorunun inkişafı sahəsində böyük işlər görülmüşdür: "Bu, bizə bu gün iqtisadiyyatımızın böyük hissəsinin qeyri-neft sektorunda formalaşmasına imkan verib. Bu, böyük nailiyyətdir və çalışmalıyıq ki, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatı sahələrində daha da böyük uğurlara nail olaq. Buna nail olmaq üçün bütün imkanlar vardır - dövlət siyasəti, maliyyə resursları, sahibkarlığa dəstək siyasəti.

Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. İctimaiyyət, iş adamları, rayon rəhbərliyi burada vahid mövqe göstərməlidirlər. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır. O cümlədən regional inkişaf proqramları dediyim kimi, artıqlaması ilə icra edilibdir.

Üçüncü proqram qəbul edilərkən yerlərdən təkliflər verilmişdir. Bu təkliflər əsasında proqram da tərtib olunub, dərc edilib və yəqin ki, siz də tanışsınız. Çünki hər rayon üzrə görüləcək işlər orada göstərilibdir. Bax, budur bizim gələcəklə, regionların inkişafı ilə bağlı olan yanaşmamız.

Əminəm ki, biz bundan sonra da ölkəmizin sürətli inkişafını təmin edəcəyik. Müstəqilliyimiz möhkəmdir, Azərbaycan inkişaf edir, taleyimiz öz əlimizdədir. Müstəqillik dövrü bir daha onu göstərir ki, xalqımız ancaq müstəqil olan zaman uğurla inkişaf edə bilər".

İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq: "Bizim məqsədimiz də birdir - ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.

Mən sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edir, sizə yeni uğurlar arzulayıram".

Ölkəmizdə, o cümlədən Neftçalada həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə ictimaiyyət adından minnətdarlığını çatdıran rayon sakini Ruhəngiz Nəcəfova dedi:

"Möhtərəm cənab Prezident, icazə verin, Sizi bütün neftçalalılar adından ürəkdən salamlayım. Xoş gəlmisiniz! Bu gün ümummilli lider, tarixi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Mərkəzin açılışındayıq.

Hər bir azərbaycanlı yaxşı bilir ki, Heydər Əliyev bütün ömrü boyu xalqına, Vətəninə xidmət etmişdir. Onun qoyduğu möhkəm əsaslar Azərbaycanımızı güclü və qüdrətli bir dövlət kimi dünyaya tanıtmışdır.

Ulu Öndərimiz tərəfindən atılmış qətiyyətli addımlar, irəli sürülmüş təkliflər isə artıq bu gün öz reallığını tapmışdır. Daim yaşayacaq bir Azərbaycan dövləti yaradılmışdır.

Bizim bir nömrəli borcumuz, vəzifəmiz ondan ibarətdir ki, yetişməkdə olan gənc nəslə, bütün insanlarımıza bu həqiqətləri dönə-dönə, yorulmadan çatdıraq. Əgər Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycanımız olmazdı. Əgər o hakimiyyətə gəlməsəydi, bugünkü müstəqilliyimizdən, güclü iqtisadiyyatımızdan danışmağa belə dəyməzdi. Xoşbəxtik ki, Siz də onun yolu ilə gedirsiniz, ölməz ideyalarını inkişaf və davam etdirirsiniz. Məhz bunun nəticəsidir ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü, qüdrətli və müstəqil olmamışdır.

Sizin Neftçalaya bugünkü gəlişiniz əlamətdar bir günə - 28 May - Respublika Gününə təsadüf edir. Düzdür, o zamanlar müstəqilliyimiz uzunmüddətli olmadı. Ulu Öndərimizin sözləri ilə desək, "Müstəqilliyin əldə olunması nə qədər çətin bir işdirsə, onun qorunub saxlanılması, daimi və əbədi olması bir o qədər çətindir".

Amma bugünkü müstəqilliyimiz mütləqdir, əbədidir, daha heç kəsdən asılı deyilik, daha heç kəsə möhtac deyilik və bu müstəqillik bizim üçün böyük sərvətdir, nemətdir. Biz ölkə həyatında hər gün yeniliklərin şahidi oluruq və bu yeniliklərin təməlində Azərbaycan vətəndaşları - hər birimiz dayanır. Hər birimiz Sizin bizə diqqət və qayğınızı hər an, hər saat hiss edirik.

Sizin göstərişinizlə bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi bunun bariz nümunəsidir. Dünyada ikinci belə bir dövlət varmı? Əlbəttə ki, yoxdur. Artıq on minlərlə neftçalalı pulsuz tibbi müayinədən keçmişdir. Ehtiyacı olanlar isə ambulator və stasionar müalicə almışlar. Bütün bunlara görə Sizə neftçalalıların adından dərin minnətdarlığımızı bildiririk.

Milli mənəvi dəyərlərə malik sağlam əqidəli vətəndaşların yetişdirilməsi də diqqətinizdən heç zaman yayınmamışdır. İndiki gənclərin maraqları da dəyişmişdir. Onlar azad ölkədə azad düşüncəyə malikdirlər. Biz pedaqoqların birinci vəzifəsi ondan ibarətdir ki, gənclərimizi Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə edək. Yaratdığınız Mərkəz bu işdə bizim ən yaxın köməkçimiz olacaqdır. Əlbəttə, bu Mərkəzdə təşkil olunan dərnəklər, birliklər gənclərə öz aralarında sıx ünsiyyətin qurulmasına kömək edəcək, onlara öz şəxsi maraqlarına uyğun məşğuliyyət tapmaqda, asudə vaxtlarını səmərəli təşkil etməkdə yardımçı olacaqdır.

Təqdirəlayiq haldır ki, ölkəmizin müasir tarixinin iki mövzusu məhz Heydər Əliyev mərkəzlərində tədris olunmuşdur. Bu isə gənclərimizdə Vətənə sonsuz sədaqət, sevgi, vətənpərvərlik hisslərinin daha da güclənməsinə və formalaşmasına təkan verəcəkdir.

Xalqımız ulu öndər Heydər Əliyevin xatirəsini həmişə uca tutacaqdır. Təsadüfi deyildir ki, əlamətdar günlərdə insanlarımız Ulu Öndərimizin abidəsini ziyarət edir, önünə gül dəstəsi qoyurlar. Son dövrlərdə isə Heydər Əliyev mərkəzlərində maraqlı bir ənənənin şahidi olmuşuq. Gənc ailələr məhz bu mərkəzlərdə nikah bağlayırlar. Bunun da rəmzi mənası vardır. Çünki bu, Heydər Əliyevin öz Vətənini, xalqını, ailəsini sevmək nümunəsidir və biz gənclər bundan nümunə götürürük.

Möhtərəm cənab Prezident, müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Neftçala da gündən-günə böyüyür, gözəlləşir. Yaradılan müəssisələr, iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması, abadlıq, quruculuq, bütün bunların hamısı neftçalalılara xoş ovqat və sakit yaşayış tərzi bəxş etmişdir. Güzəranımız, şəraitimiz yaxşılaşdıqca arzularımız, istəklərimiz də bir qədər böyüyür.

Fürsətdən istifadə edib, biz pedaqoqların adından Sizə kiçik bir xahişimizi çatdırmaq istərdim. Neftçalada fəaliyyət göstərən uşaq incəsənət məktəbinin binası 1950-ci illərdə inşa edilmişdir. Artıq bu bina müasir tələblərə cavab vermir. Sizdən çox xahiş edirik ki, bu binanın yenidən qurularaq gənclərin, uşaqların ixtiyarına verilməsi üçün göstəriş verəsiniz.

Möhtərəm cənab Prezident, Sizi yenə də bütün neftçalalılar adından ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Bayramınız mübarək olsun.

Sizə minnətdarlığımızı, təşəkkürlərimizi çatdırıram. Azərbaycanın çiçəklənməsində Sizinlə bərabər xidmətləri olan Mehriban xanıma, bütün ailə üzvlərinizə uğurlar, cansağlığı diləyirəm. Tanrı Sizi qorusun!"

Prezident İlham Əliyev öz növbəsində deyib ki, əlbəttə, rayonun inkişafı üçün bütün lazım olan tədbirlər görüləcəkdir: "Əlbəttə, uşaq incəsənət məktəbinin binası da təmir ediləcəkdir. Bütövlükdə, Neftçala rayonunun hərtərəfli inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.

Siz də çox vacib məsələlərə toxundunuz - gənclərin tərbiyəsi. Gənclər indi azad ölkədə yaşayırlar. Onların xoşbəxtliyi ondan ibarətdir ki, bugünkü gənclər gözlərini açan kimi müstəqillik görmüşlər və müstəqillik, azadlıq şəraitində yaşayırlar. Biz keçmiş dövrü də görmüşük, xatırlayırıq. Müqayisə aparmaq üçün əlbəttə ki, imkanlar kifayət qədər genişdir. Müqayisə apararkən hər dəfə, hər gün bir daha əmin oluruq ki, xalqımız ancaq müstəqillik şəraitində yaxşı yaşaya bilər".

Prezident bildirib ki, Azərbaycan sovet məkanında iki respublikadan biri idi ki, donor kimi fəaliyyət göstərirdi, yəni, özünü təmin edirdi.

Ancaq müstəqillik əldə olunanda bizdə vəziyyət necə idi?!: "Dağılmış sənaye, iqtisadiyyatda durğunluq, maliyyə vəziyyətimiz çox ağır idi, xəzinə boş idi, neft hasilatı aşağı düşmüşdü, kütləvi işsizlik, inflyasiya 1000, ya 2000 faizə qalxmışdı və böhran hökm sürürdü. Baxmayaraq ki, Azərbaycan sovet dövründə ümumittifaq xəzinəsinə böyük töhfələr vermişdi, İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi. Ancaq buna baxmayaraq, biz müstəqilliyi bərpa edəndə çox ağır vəziyyətdə idik. Ona görə, Ulu Öndərin səyləri, siyasəti nəticəsində biz 20 il ərzində ayağa qalxdıq, ayaqda möhkəm durmuşuq, güclü ölkə yaratmışıq. Bu siyasət bu gün də davam edir və davam edəcəkdir".

Dövlət başçısı qeyd edib ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, almalıdırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır:

"Onlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə, ilk növbədə, onlar öz Vətəninə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər, bilikli, savadlı olmalıdırlar. Çünki əgər bilikli, savadlı olarlarsa, o zaman heç bir kənar təsir onların hərəkətlərinə mənfi cəhətdən təsir edə bilməz.

Biz bilirik ki, bu gün Azərbaycan dünya miqyasında çox önəmli ölkəyə çevrilibdir. Bir çox məsələlər bizim qərarlarımızdan asılıdır. Həm siyasi, həm iqtisadi, enerji və digər sahələrlə bağlı bizim qərarımızdan çox şey asılıdır. Ona görə Azərbaycana, bizim siyasətimizə təzyiq və təsir etmək cəhdləri vardır, gələcəkdə də olacaqdır. Biz, əlbəttə, heç vaxt imkan verə bilmərik ki, maraqlarımıza zidd olan bir təşəbbüs burada reallaşsın. Ancaq bizdən sonra gələnlər də eyni fikirdə olmalıdırlar. Bizdən sonra gələnlər də Vətəni bizim qədər sevməlidirlər və müstəqilliyi hər şeydən üstün tutmalıdırlar. Ona görə müəllimlərin rolu həddindən artıq böyükdür. Həm gənc nəslə bilik verməlidirlər ki, onlar savadlı olsunlar, eyni zamanda, öz Vətənini sevsinlər, müstəqilliyi hər şeydən üstün tutsunlar.

Bu gün Azərbaycan elə sürətlə inkişaf edir ki, hər bir vətəndaş haqlı olaraq Azərbaycan vətəndaşı olmağı ilə fəxr edir. Biz ardıcıllığı təmin etməliyik. Artıq 20 ildir ki, Azərbaycanda ardıcıllıq təmin edilir və bu, bizim uğurumuzun əsas səbəbidir. Düşünülmüş, uzunmüddətli siyasət. Biz öz siyasətimizi 20-30 il bundan sonra da bu istiqamətdə aparmalıyıq ki, ölkəmiz daim inkişafda olsun, sabitlik, rifah, əmin-amanlıq olsun.

Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Ona görə mənim bölgələrə səfərlərim də bax, bu məqsədi daşıyır - həm vəziyyətlə tanış olmaq, əlavə tapşırıq və tövsiyə vermək".

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanın xarici ticarət dövriyyəsi artır
Azərbaycanın xarici ticarət dövriyyəsi artır
“MiniBoss Business School Baku”nun kecirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi (FOTO)
“MiniBoss Business School Baku”nun kecirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi (FOTO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Loading Bars
Xəbər lenti
İtaliya millisi futbol üzrə Avropa çempionatının pley-off mərhələsinə yüksəlib
Kamerunun Şimal bölgəsində fırtına baş verib, ölən və yaralananlar var
"Lion"un futbolçusu Depay "Barselona"ya keçməyə yaxındır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)
Azərbaycan və Türkiyə prezidentləri Türkiyə-Uels oyununa baxıblar (FOTO/VİDEO) (YENİLƏNİB)
Bayden Putinlə görüşünün müsbət olduğunu bildirib
Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri, Şuşa bəyannaməsi, Ərdoğanın parlamentdə çıxışı – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
AVRO-2020: Türkiyə yığması Uels komandasına məğlub olub (ƏLAVƏ OLUNUB)
Putin ilə Baydenin görüşü 2 saata yaxın davam edib
Şuşa Bəyannaməsi keçmişə sadiqlik və gələcək üçün yol göstəricisidir - ŞƏRH
Samuxda 13 sürücü məsuliyyətə cəlb edilib (FOTO)
Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında münasibətlərin müttəfiqlik xarakterini təsdiq edir – Rusiyalı politoloq
Teledərslərin iyunun 17-nə olan cədvəli
Azərbaycanda bu sahədə çalışanlar 3 min manatdan çox maaş alır
Şuşa Bəyannaməsi tarixə nümunəvi bir sənəd kimi düşəcək - Türk Şurasının Baş katibi
Şuşa bəyannaməsi Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialara son qoyur - Deputat
Azərbaycanın xarici ticarət dövriyyəsi artır
Bakıda azarkeşlər Türkiyənin oyununa yollanırlar (FOTOSESSİYA)
"Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub" - ADA Universitetində şeir gecəsi keçirilib (FOTO)
“MiniBoss Business School Baku”nun kecirdiyi ilk milli çempionatın qalibi müəyyənləşdi (FOTO)
Bakıda restoran icarədarı 4000 manat cərimələndi
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
İndi Azərbaycanla NATO arasındakı münasibətlər heç vaxt olmadığı qədər vacibdir - Svante Kornell
Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir (FOTO)
İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydalarına dəyişiklik edilib
Baş dövlət sanitariya həkiminə metodiki göstərişlərin təsdiq edilməsi tapşırığı verilib - NK
Bərbər və gözəllik salonları bu qaydada fəaliyyət göstərməlidir
Pakistanda prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib (FOTO)
Bakıda azarkeşlər Türkiyənin oyununu gözləyir (FOTOSESSİYA)
4-cü Beynəlxalq İƏT Modeli öz işini bitirdi (FOTO)
Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayıb - ABŞ səfiri
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 162 nəfər COVID-19-dan sağalıb, 27 nəfər yoluxub
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub!
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Ərdoğan və xanımının şərəfinə nahar verilib (FOTO) (YENİLƏNİB)
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin imzalanması ilə əlaqədar bəyanat yayıblar
Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 erməninin növbəti məhkəmə prosesi iyunun 25-nə təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verildi - Operativ Qərargah
Azərbaycanın azad edilmiş bütün rayonlarında yeni yarımstansiyalar tikilir - "Azərenerji"
Əlif Hacıyev küçəsi əsaslı şəkildə təmir olunur (FOTO)
Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib
ADA Universiteti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Natiqlik müsabiqəsi keçirilib (FOTO)
Şuşa tarixi gün yaşamaqla yanaşı, yazdığı tarixlə bütün dünyaya mesajlarını ünvanladı - Vüqar Rəhimzadə
“Yaradıcılıq sənayesində rəssamlığın rolu” mövzusunda vebinar keçirilib
Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirib (FOTO)
Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi
UEFA-nın prezidenti Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib
Meşə yanğınları ilə bağlı üç nazirlik birgə müraciət yayıb
Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
bp Azərbaycan şirkətinin regional rəhbər heyətində təyinatlar olub
NATO Azərbaycana Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə minnətdardır
Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada çap olunub
BDU-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib (FOTO)
Azərbaycanın bərpa olunan enerji sahəsində İsrail şirkətləri ilə əməkdaşlığı üçün potensial mövcuddur
Ali təhsil müəssisələrinin filial rəhbərləri “Qayıdışdan qurtuluşa" adlı elmi-praktik konfransda bir araya gəliblər (FOTO)
TikTok, Brawl Stars, Roblox: Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb
Azərbaycan Qoşulmama Hərəkatı platformasını qlobal təhlükəsizliyin təmin olunması üçün istifadə edir - Hikmət Hacıyev
Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib (FOTO)
Zəngəzur dəhlizindən ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya çıxa biləcəklər - Ərdoğan
Qarabağ zəfərinin Azərbaycan və dünyaya gətirəcəyi faydalar zaman keçdikcə hiss olunacaq - Türkiyə Prezidenti
Şuşanın gələcəkdə türk dünyasının mədəniyyət paytaxtı olacağını görməkdən məmnun olarıq - Ərdoğan
İsveçrədə Putinlə Baydenin görüşü başlayıb
İşğaldan azad olunan əraziləri yenidən inşa edəcəyik - Ərdoğan
Prezident İlham Əliyev: İƏT dövlətlərindən olan şirkətlərin azad edilmiş ərazilərdə yenidənqurma prosesində iştirakını görmək istərdik
Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası dayanıqlı sosial-iqtisadi inkişafa töhfə verəcək - Mikayıl Cabbarov
Bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq - Türkiyə Prezidenti
Prezident İlham Əliyev: Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik
Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edib (VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Azərbaycan özü BMT-nin qətnamələrinin icrasını təmin etdi
Prezident İlham Əliyev: Bir daha inkişaf etmiş ölkələri az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq
Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb
Prezident İlham Əliyev: İƏT tərəfindən Ermənistanın təcavüzünü pisləyən 80-dən artıq qətnamə qəbul edilib
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub (VİDEO)
Bu çimərliklərdə bakteroloji nümunələr standartlara uyğun deyil - Ziyəddin Kazımov
Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışlayır - Hikmət Hacıyev
Xırdalanda reyd: İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO/VİDEO)
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib - Hikmət Hacıyev
Ərdoğanın Qələbədən sonra ölkəmizə səfəri mühüm əhəmiyyət daşıyır - Tamam Cəfərova
Putin Baydenlə görüş üçün Cenevrəyə gedib
Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə daha çox sadiqliyini əks etdirir - Brayza
Şuşa Bəyannaməsi ilə iki dövlət bütün sahələr üzrə öz təcrübələrini bölüşəcəklər - Naqif Həmzəyev
Bakıda Əsmər və Fərman üçün xeyriyyə yarmarkası keçiriləcək (FOTO)
Sahibkarlar Klubu üzvlərinin sayı 500-ə çatdı
Meşədə narkotik əkən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Azərbaycan qaz ixracını 70 faizə yaxın artırıb
Səbaildə 2 küçə təmir edilir (FOTO)
Ərdoğanın Şuşa səfəri dünyaya növbəti mesajdır
İlahiyyat İnstitutu və Biləsuvar abituriyentlərinin görüşü keçirilib (FOTO)
Azərbaycanın bu il neft ixracı 12 milyon tona çatır
Qubada narkotik əkən ata və oğlu saxlanılıb (FOTO/VİDEO)
Tarixi Şuşa Bəyannaməsinin əhəmiyyəti: Erməni iddialarına son qoyulur, Zəngəzur dəhlizi reallaşır
Cənubi Qafqazın sabitlik və sülh regionu olmasını istəyirik - Çavuşoğlu
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir
“Mühəndislər üçün biznes təhsili” layihəsini bitirənlərə sertifikatlar təqdim olunub (FOTO)
Bizə işgəncə verən ermənilərdən biri Əhmədlidə qonşum olmuşdu - Keçmiş əsir
Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında əlaqələri daha da möhkəmləndirir - Amerikalı analitik
Gömrük Akademiyası BMT Akademik İmpakt təşəbbüsünə üzv seçilib (FOTO)
Bütün xəbərlər