...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı nə kimi nəticələr verdi? - ekspert rəyi (VİDEO)

Siyasət Materials 10 İyun 2014 11:33 (UTC +04:00)
Trend İnformasiya Agentliyinin şərhçisi Arzu Nağıyev Region TV-yə müsahibəsində ötən həftə Türkiyədə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı haqqında suallara aydınlıq gətirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı nə kimi nəticələr verdi? - ekspert rəyi (VİDEO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Trend İnformasiya Agentliyinin şərhçisi Arzu Nağıyev Region TV-yə müsahibəsində ötən həftə Türkiyədə baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı haqqında suallara aydınlıq gətirib.

- Arzu müəllim, bildiyimiz kimi, ötən həftə Türkiyədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı keçirildi. Sammitdə türkdilli ölkələrin birgə fəaliyyəti, əməkdaşlığı və s. bir sıra önəmli məsələlərə toxunuldu. Sizcə, toplantıda əsas önə çıxan məqamlar nələrdən ibarət idi?

- Bəli, qeyd etdiyiniz kimi, iyun ayının 4-də Türkiyənin Bodrum şəhərində türkdilli dövlət başçılarının iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı keçirildi. Bu toplantıda Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxstan və Qırğızıstanın dövlət başçıları iştirak edirdilər. Bu toplantıda Türk Akademiyasının prezidenti, eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçildi və bir sıra ikitərəfli əlaqələrə toxunuldu. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bəyənatı qəbul edildi.

- Sammitdə vurğulandı ki, bu birlik heç bir beynəlxalq bloka qarşı qurulmayıb, heç bir rəqabətqabiliyyətli qurum deyil, bu sadəcə, eyni dildə danışan, eyni millət olan xalqların birgə əməkdaşlığıdır. Bu gün dünyada bir sıra bloklar vardır ki, bir-biriləri ilə rəqabət aparırlar. Türk birliyinin bu baxımdan önəmi nədən ibarətdir?

- Bugünkü geosiyasi vəziyyəti və regionda baş verən prosesləri izləyəndə görürük ki, türkdilli dövlətlər bir sıra digər bloklarda da təmsil olunurlar. Bu baxımdan, türkdilli dövlətlərin arasında bu görüş heç də hansısa siyasi blokun yaranması demək deyil. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da qeyd etdi ki, bu görüş heç bir siyasi məqsəd daşımır və heç bir dövlət bu birliklə bağlı qıcıqlanmamalıdır.

- Bu dövlətlərin fərqli bloklarda olmalarına baxmayaraq, burada birləşməsi nə dərəcədə əhəmiyyətlidir?

- Əhəmiyyəti ondan ibarətdir ki, bütün bu dövlətlər eyni dildə danışır, eyni soy-kökə məxsusdur. Eyni zamanda da həll ediləcək ümumi problemləri mövcuddur. Bundan başqa, belə görüşlərin keçirilməsində önəmli şərtlərdən biri də iki dövlətin öz arasında həll olunmasına ehtiyac olan problemləri qarşılıqlı münasibətlə həll edə bilmələridir. Məsələn, qeyd etdiyiniz kimi Qazaxıstan bir bloka daxildir, deyilənə görə Qırğızıstan da Avrasiya blokuna daxil olmağa çalışır. Türkmənistan heç bir blokun üzvü deyildir. Ancaq Türkmənistan ikinci dəfədir ki, türkdilli xalqların sammitinə qoşulur, və əvvəlcə də Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri səviyyəsində birgə görüş keçirmişdir. Bunların hamısı təqdirəlayiq haldır. Yəni bu yolla iki dövlət arasında mövcud olan qarşılıqlı problemlər daha tez həll oluna bilər. Məsələn, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin statusu ilə bağlı problemlər öz həllini tapır. Türkmənistan heç vaxt Dağlıq Qarabağ problemi haqqında danışmırdı. İndi Dağlıq Qarabağ probleminin həlli istiqamətində Türkmənistan da bu proseslərə qoşulur. Yəni bunların hamısı təqdirəlayiq haldır, baxmayaraq ki, Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin statusu ilə bağlı böyük problemlər mövcuddur. Bundan başqa, Azərbaycanda Xəzər dənizində böyük limanın tikintisinə başlanılıb, eyni zamanda Türkmənistanda da belə tikintiyə başlanıb. Bu, gələcəkdə bizim ticari əlaqələrimizə böyük töhfələr verə bilər.

- Burada diqqətçəkən məqamlardan biri Özbəkistanın bu proseslərdən kənarda qalması idi. Sizcə Özbəkistan niyə kənardadır?

- Özbəkistanda türkdilli xalqlarla etnik problemlər yaşanmışdı. Necə deyərlər, 1989-cu ildə Əndican, sonra Fərqanə hadisələri - burda özbəklərlə etnik məshəti türklərinə qarşı problemlər yaşanmışdı. Özbəklər böyükmiqyaslı, xarici inteqrasiyalı bir layihə həyata keçiriblər. Bu, Əfqanıstana çəkilən dəmir yoludur. Bu dəmiryolu NATO və ABŞ-ın qoşun kontingentinin 2014-2015-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlıdır. Və eyni zamanda bu qoşunlar Əfqanıstandan çıxarıldıqdan sonra müəyyən silah növlərinin Özbəkistanda saxlanılmasına söz verilib. Bu istiqamətdə Özbəkistan neytrallığı saxlamağa çalışır ki, sonradan NATO və başqaları elə hiss etməsinlər ki, türkdilli birləşmələrdən və digərlərindən ayrılır. Yəni Türkmənistan bu prosesə getdi, Özbəkistanın getməməsinə səbəb 30 milyonluq bir xalqın və eyni zamanda Özbəkistanın yerləşdiyi geosiyasi ərazi istər hərbi baxımdan, istər digər baxımdan Mərkəzi Asiyanın ən strateji nöqtələrindən biridir. Mənim fikrimcə, 2015-ci ilə, yəni qoşunlar ordan çıxana və NATO-Özbəkistan məsələlərinə aydınlıq gələnə qədər ölkə bu bloklara qoşulmayacaqdır.

- Zirvə toplantısı başa çatdıqdan sonra bir sıra ikitərəfli və üçtərəfli görüşlər də baş tutdu. Bu görüşlərin əməkdaşlıq və əlaqələr baxımından bizim üçün əhəmiyyəti nədir?

- Biz dedik ki, Türkmənistan-Azərbaycan görüşündə əsas iqtisadi, mədəni məsələlər həll edildi. Hər iki prezident tərəfindən Dağlıq Qarabağ münaqişəsinə bir daha münasibət bildirildi. Türkiyənin turizm sahəsində əldə etdiyi böyük nailiyyətlər və bir sıra mətləblərə toxunuldu. Ümumilikdə bu toplantı həmin dövlətlərin xeyirinə olan addım idi.

- Burada həm də xarici işlər nazirləri səviyyəsində görüşlər də keçirildi. Sizcə, bundan sonra bu birliyin qarşısında hansı məqsədlər dayanır və daha güclü olmaq üçün nələr edilməlidir?

- Əgər o birlikdə təmsil olunan dövlətləri bir-bir təhlil etsək görərik ki, istər iqtisadi, istər humanitar cəhətdən sıxıntı yaşayan Qırğızıstana bu birliyin böyük köməyi ola bilər. Bayaq da vurğuladığım kimi, eyni dildə danışan, eyni soy-kökü olan millətlərin birliyinin yaradılması, necə deyərlər, müasir zamanın tələbinə uyğundur. Buna görə də bu birliyin fəaliyyəti alqışlanmalıdır.

- Tədbirdə qeyd olundu ki, bu birliyin yaranması zərurətdən doğdu. Bundan sonra bu zərurət dünyada bir-birini müdafiə etmək baxımından daha da güclü birliyin olmasını tələb edir...

- Bəli, son vaxtlar regionda baş verən proseslər, hərbi münaqişlər, Ukrayna, Gürcüstan, Abxaziya və digər hadisələr bir daha onu göstərir ki, bu ölkələrin birgə olması daha məqsədəuyğun olardı.

- Görüşdə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Gömrük İttifaqında Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür etmişdi. Buna münasibətiniz?

- Məlumdur ki, Nazarbayev ilk dəfə Avrasiya qurumunun yaradılması haqqında fikri 1994-cü ildə irəli sürüb və demək olar ki, Avrasiya qurumunun yaranmasının öndə gedənlərindən biridir. Eyni zamanda, bir dövlət başçısı olaraq sözünün kəsəri var. O, öz sözü ilə Ermənistan Prezidenti və onun havadarlarını yerində oturda bildi, buna görə ona doğrudan da minnətdarlıq lazım idi. Məhz buna görə də Azərbaycan Prezidenti çox müdrikliklə, uzaqgörənliklə öz minnətdarlığını Nazarbayevə çatdırdı.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti