Azərbaycan, Bakı. 29 avqust /Trend, müxbir Səbinə Əhmədova/
Avropa İttifaqı (Aİ) və ABŞ insan hüquqlarının pozulması bəhanəsi altında ATƏT-ə üzv olan ölkələrin işlərinə müdaxilə etməyə çalışır və özlərinin bu sahədəki problemlərini görməzdən gəlirlər. Bu, ikili standartların açıq-aydın nümayişidir. Trend-in Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyinə istinadən verdiyi məlumata görə, bu barədə Daimi nümayəndəliyimiz Aİ və ABŞ-ın ATƏT-dəki nümayəndə heyətlərinin Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı bəyanatlarına cavab olaraq bildirib.
Nünayəndəliyin bəyanatında qeyd olunur ki, Daimi nümayəndəlik Aİ və ABŞ nümayəndə heyətlərinin bəyanatlarında yer alan fikirləri siyasi motivli hesab edir.
Bəyanatda QHT fəalları Rəsul Cəfərov və İntiqam Əliyevin vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun isə dövlətə xəyanət ittihamları ilə saxlanıldığı və onların işi üzrə hazırda istintaq prosesinin getdiyi, lakin Aİ və ABŞ-ın bu kimi bəyanatlarla istintaqın normal gedişinə müdaxilə etməyə çalışdığı qeyd olunur.
Bəyanatda deyilir: "Nə Aİ, nə də ABŞ insan hüquqlarının pozulması hallarından sığortalanmayıb. ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində Maykl Braunun polis tərəfindən güllələnərk öldürülməsindən sonra baş qaldıran son iğtişaşlar bir daha göstərdi ki, ABŞ sərbəst toplaşma və ifadə azadlığı, eyni zamanda, irqi və dini zəmində diskriminasiyanın aradan qaldırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin ATƏT-ə üzv ölkələr üçün fundamental sayılan prinsiplərə uyğun təmin edilməsi sahəsində götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmək üçün xeyli yol keçməlidir".
Qeyd olunur ki, Azərbaycan Aİ və ABŞ ilə əlaqələrini yüksək dəyərləndirir: "Biz bu əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında inkişafı üçün böyük potensial olduğunu görürük".
Qeyd edək ki, Aİ-nin və ABŞ-ın ATƏT yanında nümayəndəlikləri təşkilatın Daimi Şurasının avqustun 14-də keçirilən iclasında Azərbaycanda insan haqları ilə bağlı neqativ bəyanatlarla çıxış ediblər. Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi isə Daimi Şuranın dünən keçirilən iclasında həm Aİ, həm də ABŞ nümayəndəliklərinin səsləndirdiyi fikirlərə etiraz olaraq sözügedən bəyanatı yayıb.