...

Beyləqan rayonunda Olimpiya İdman Kompleksi tikiləcək

Siyasət Materials 29 Avqust 2014 19:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Beyləqan rayonunda Olimpiya İdman Kompleksi tikiləcək

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Dövlət başçısı, həmçinin Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşmələri müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Beyləqan rayonunda da bir sıra mühüm işlər görülmüş, Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Sarayı, 3000 yerlik Mərkəzi Stadion yenidən qurulmuş, Gənclər Mərkəzi, Şahmat Məktəbi, əlil və şəhid ailələri üçün yaşayış binası və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, iritutumlu logistik mərkəz və taxıl anbarları, istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yeri açılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti