...

Azərbaycanlı deputat Türkiyə-Ermənistan sərhədlərinin gələcəyinə dair keçirilən konfransa etiraz etdi

Siyasət Materials 22 Noyabr 2014 15:24 (UTC +04:00)
"Türkiyə-Azərbaycan əlaqələrini heç nə ilə əvəz etmək mümkün deyil". Bunu Trend-ə millət vəkili Zahid Oruc Ankara universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı konfransa münasibət bildirərkən deyib.
Azərbaycanlı deputat Türkiyə-Ermənistan sərhədlərinin gələcəyinə dair keçirilən konfransa etiraz etdi

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Türkiyə-Azərbaycan əlaqələrini heç nə ilə əvəz etmək mümkün deyil". Bunu Trend-ə millət vəkili Zahid Oruc Ankara universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransa münasibət bildirərkən deyib.

Z.Oruc bildirib ki, "Aqos" qəzeti və o çevrədə müəyyən solçu qüvvələr, sonrakı dövrdə xarici ölkələrlə birgə Türkiyə-Ermənistan arasında məlum embarqonun aradan qaldırılması, sərhədin bağlanmasına son qoyulması yolunda çox böyük fəaliyyət göstərdilər. Bunun ən sonuncusu İsveçrədə məlum protokolların imzalanması idi. Məhz Azərbaycanın güclü iradəsi, dövlət başçısı və cəmiyyətimizin türk xalqına etdiyi müraciətlər və Türkiyə insanlarının da bu məsələ fonunda öz iqtidarına təsiri sənədlərin hüquqi qüvvəyə minməsinin qarşısını aldı.

Deputat hesab edir ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması Dağlıq Qarabağ prosesini nəinki dondurur, eləcə də sanki işğalçılığın stimullaşdırılması anlamına gəlir: "Hazırkı dövrdə Rusiyanın Ukrayna ilə münasibətlərinə görə bütün Avropa dövlətləri və ABŞ şimal qonşumuza qarşı çox ciddi sanksiyalar tətbiq ediblər. Hesab edirlər ki, bu, məlum hadisələr fonunda Rusiyanı öz fikrindən daşındırmaq vasitəsidir. Yəni bu halda tətbiq olunan ticarət embarqoları ən mühüm vasitədirsə, necə ola bilər ki, onlar özləri bunu stimullaşdırdıqları halda, daha çox dövlətləri bu prosesə qoşmağa çalışdıqları təqdirdə Türkiyəni Ermənistanla əlaqələrə, əməkdaşlığa, siyasi münasibətlərin tanınmasına, geniş ticari razilaşmalara səsləyirlər. Bu məsələnin üzərində düşünəndə qənaət ondan ibarət olur ki, Qərb sadəcə öz maraqlarına toxunan məsələlərdə hərəkətə keçmiş olur. O sərhədlər Türkiyə məsələsində Ermənistanın tarix boyu tutduğu bədnam mövqedən əlavə olaraq, Azərbaycan ərazilərinin işğalı faktı nəzərə alınaraq bağlanıb. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən qüvvələr nəyi bizə təlqin etmək istəyirlər? Düşünürlər ki, bir tərəfdən, Qərb Rusiya ilə bütün münasibətləri dayandırsın, o biri tərəfdən Ermənistan işğalçı olduğu halda, bütün beynəlxalq əlaqələrə, mükafatlandırmalara sahib olsun. Halbuki Türkiyə sərhədlərini Ermənistanın üzünə açsa, onda nəinki ermənilərin Qarabağda möhkəmlənməyi daha da kəskin bir şəkil alacaq, o cümlədən bu, onların yeni bir güc almalarına və nəticə etibarilə Azərbaycana gələcəkdə daha ciddi zərbə vurmalarına təsir göstərəcək. Ona görə də biz bu konfranslara kəskin etirazımızı bildirərkən məramımızı açıq ortaya qoyuruq".

Z.Oruc deyib ki, Ermənistanın sərhədlərinin nəinki Türkiyə ilə, eləcə də Azərbaycanla da açılmasının şərtləri dəfələrlə səsləndirilib: "Yetər ki, Ermənistan işğalı dayandırsın, ərazilərdən öz silahlı qüvvələrini çıxarsın, normal bir diplomatik tanınma mövqeyini ortaya qoysun, bu halda Azərbaycan və Türkiyə, o cümlədən bütövlükdə bölgədə Ermənistan ayrı bir müansibətə layiq görülə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti